Zəfər şəhidlərinin xatirəsi dünyanı dolaşır

post-img

Qürur günümüz xarici ölkələrdə

Sentyabrın 27-də Vətən müharibəsinin başlanmasının dördüncü ildönümü tamam oldu. Məhz həmin gün Ermənistanın Azərbaycana qarşı sübh çağı başladığı növbəti hərbi təxribatına cavab olaraq xalqımız işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən savaşına qalxdı.

Haqq və şərəf işimiz, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azğın düşmən rəşadətli Ordumuzun qarşısında cəmi 44 gün duruş gətirə bildi. Müharibədə sarsıdıcı məğlubiyyətə uğradığını anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da təslimolma sənədinə imza atdı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü “dəmir yumruğ”un gücü hesabına təmin edildi. 2023-cü ilin sentyabrındakı bir sutkalıq lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpası ilə nəticləndi.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Anım Günü ilə əlaqədar sentyabrın 27-də respublikamızda dövlət və hökumət orqanlarında, idarə və müəssisələrdə, əmək kollektivlərində bir sıra tədbirlər keçirildi. Dünən Bakıda inşası davam etdirilən Zəfər parkı ziyarət olundu. Eyni zamanda, xarici ölkələrdə də Anım Günü ilə bağlı müxtəlif tədbirlər keçirilib.

Türkiyə

Qardaş ölkənin Milli Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsinin başlanmasının dördüncü ildönümü və 27 Sentyabr – Anım Günü münasibətilə bəyanat yayıb. Bu barədə nazirliyin saytında məlumat dərc olunub.

Məlumatda nazirliyin sözçüsü Zeki Aktürk Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olduğunu diqqətə çatdırıb: “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər olduğumuz qardaşlarımızı qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 sentyabr – Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik”.

Türkiyənin aparıcı media orqanları da Anım Günü ilə bağlı materiallar dərc edib və reportajlar yayımlayıblar. Qardaş ölkənin media subyektlərinin materiallarında Ermənistan tərəfinin Azərbaycan xalqının səbrini daşıran çoxsaylı təxribatları diqqətə çatdırılıb. Anadolu agentliyi yazır: “Azərbaycanda dinc yaşayış məntəqələrinə edilən son hücumlara cavab olaraq Prezident İlham Əliyev işğalçılara qarşı cavab tədbirlərinin görülməsi barədə əmr verib. Azərbaycan liderinin “dəmir yumruğ”u orduya Ermənistanın işğal etdiyi əraziləri cəmi 44 günə azad etməyə imkan verib. Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyub”.

Türkiyənin bir sıra çap mediası isə Vətən müharibəsinin dördüncü ildönümü ilə bağlı dərc etdiyi məqalələrdə uzunmüddətli erməni işğalına son qoyan hərbi əməliyyatların xronologiyasına istinad edib. Yazılarda İkinci Qarabağ müharibəsindən çoxsaylı arxiv materialları yer alıb.

Almaniya

Almaniyadakı səfirliyimizin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə xarici diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Nəsimi Ağayev tədbirdə çıxış edərək bu günün xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı ilə heç vaxt barışmayan Azərbaycan bu müddət ərzində qələbəni yaxınlaşdırmaq üçün bütün gücünü səfərbər etdi. Ölkəmizdə ordu quruculuğu uğurla aparılıb, müasir dövrün tələblərinə cavab verən güclü Silahlı Qüvvələr yaradılıb, iqtisadiyyatımız inkişaf etdirilib, Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzu gündən-günə artıb. Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq, başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanaraq, 30 illik işğala son qoyub. Azərbaycan bu şanlı Qələbə sayəsində beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Bu Zəfər Azərbaycan xalqının iradəsini, qələbə əzmini və vətənpərvərliyi ilə yanaşı, əzəli torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini bütün dünyaya göstərib.

Alman–Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer çıxışında Azərbaycan ərazilərinin 20 faizinin beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxın müddətdə işğal altında saxlandığını qeyd edib. Bildirib ki, məhz 2020-ci ildə baş vermiş müharibə nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan və Ermənistan sülhün əldə edilməsi istiqamətində addımlar atırlar. Bütün bu proseslər Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın təmin olunması, eləcə də hər iki ölkənin iqtisadi və sosial inkişafına müsbət töhfə verəcək.

Çıxışlardan sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Biz” filmi nümayiş etdirilib. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Rusiya

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda da Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə baş konsulluğun əməkdaşları Qoroxovaya küçəsində 6-cı binanın fasadında görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Baş konsul Sultan Qasımov Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramını ifadə edib. Diplomat vurğulayıb ki, Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.

Anım Gününə həsr olunmuş tədbir baş konsulluğun binasında davam etdirilib. İştirakçılara 44 günlük Vətən müharibəsindən bəhs edən foto və videomateriallar nümayiş olunub.

Özbəkistan

Azərbaycanın Özbəkistandakı səfirliyi Anım Günü münasibətilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə mərasim keçirib.

Əvvəlcə səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları mərkəzin ərazisindəki Şəhidlər bağına və ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Səfir Hüseyn Quliyev bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini qürur və ehtiramla yad edirik. And yerimiz olan, şəhidlik zirvəsinə ucalan oğullarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasında igidlik və qəhrəmanlıq göstərib, adlarını Vətən tarixinə qızıl hərflərlə yazdırıblar. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatıb, torpaqlarımız erməni işğalçılarından azad edilib. Bununla da, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı çıxardığı dörd qətnaməni bu qurum yox, ölkəmiz özü icra edib.

Azərbaycanın Özbəkistandakı hərbi attaşesi, polkovnik Samir Əfəndiyev 44 günlük müharibədə hərbçilərimizin şücaətindən danışıb. Deyib ki, 27 Sentyabr Zəfər yolunun başlanğıcı kimi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

Qazaxıstan

Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad edib.

Tədbir iştirakçıları səfirliyin binasında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edərək bu günün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu tarix Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

“Xalqımıza əbədi Zəfər ruhu bəxş edən şəhidlərimizi rəhmətlə anırıq. Qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün xaricdə yaşayan bütün soydaşlarımız şəhidlərin xatirəsini böyük ehtiramla yad edirlər. 27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”, – deyə o bildirib.

Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun əldə etdiyi Qələbənin bölgədəki reallıqları dəyişdiyini və haqq-ədalətin bərqərar olduğunu vurğulayıb. O, Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü təmin, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa etdiyini vurğulayıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 il icra olunmayan 4 qətnaməsinin icrasını təkbaşına təmin etdiyi də vurğulanıb.

Gürcüstan

Paytaxt Tbilisinin Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Vətən müharibəsinin başlanmasının dördüncü ildönümünə həsr olunmuş “Komando” adlı tamaşa nümayiş etdirilib. Azərbaycan hərbçisinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs olunan tamaşa ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Era” Teatrının kollektivi tərəfindən hazırlanıb.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Səfir Faiq Quliyev çıxış edərək bildirib ki, müstəqilliyin ilk illərində torpaqlarımızın 20 faizi bədnam qonşularımız tərəfindən işğal olunub. Ümummilli liderin uzaqgörən siyasəti və Ali Baş Komandan, Prezident

İlham Əliyevin qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib. Birinci və İkinci Qarabağ müharibələrində xalqımız şəhidlər verib. Onların arasında Gürcüstandan olan soydaşlarımız da var.

Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası Rəhilə Rüstəmova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, təkcə o deyil, bütün şəhid anaları övladları ilə qürur duyurlar.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Anar Rafiqoğlu deyib ki, səhnə əsərini hazırlamaqda məqsəd rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarını nümayiş etdirməkdir.

Sonra tamaşa nümayiş etdrilib. Səhnə əsərinin əsas süjet xəttini 44 günlük Vətən müharibəsində yaralı əsgər yoldaşını döyüş meydanından sağ çıxarmağa çalışan komandirlərin və həkim Nigar xanımın göstərdiyi qəhrəmanlıq təşkil edir. Qeyri-bərabər döyüşdə əsgər və zabitlərin, bir vaxtlar hərbçi olan atasının son arzusunu yerinə yetirmək üçün ağ xalat geyinib cəbhəyə yollanan tibb bacısının, yaralı əsgərlərin şücaətləri təsirli səhnələrlə tamaşaçılara çatdırılır.

Tamaşada Türkiyənin və Türkmənistanın Gürcüstandakı səfirləri, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri, AZEBİ və digər strukturların rəhbərləri, iş adamları, din xadimləri, şəhid ailələrinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.

İran

Daha bir tədbir ölkəmizin Təbrizdəki baş konsulluğunda keçirilib. Türkiyənin bu şəhərdəki baş konsulluğunun əməkdaşları, Təbriz Mətbuat evinin rəhbəri Mürtəza Şəfiyi, şəhərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri mərasmdə iştirak ediblər.

Baş konsulluğun yaydığı məlumata görə, iştirakçılar əvvəlcə 44 günlük Vətən müharibəsi və ölkəmizin suverenliyinin tam bərpası uğrunda lokal xarakterli antiterror əməliyyatında canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Əliyənnağı Hüseynov Vətən müharibəsinin xronologiyasını təqdim edib, işğaldan azad olunan torpaqlar haqqında müfəssəl məlumat verib. Qeyd edib ki, məkrli düşmən 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyərək işğal altında saxladığı ərazilərimizdə silahlanma və istehkam qurmaq kimi təxribatlar törədib. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı bölmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törədib. Ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də törədilən fasiləsiz təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına başlayıblar. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv edilib, separatçıların əsas rəhbərləri həbs olunub və Azərbaycan öz dövlət suverenliyini tam təmin edib. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis olunub. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və digər yerlərdə üçrəngli Bayrağımızın dalğalanması, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşıb.

Baş konsul əlavə edib ki, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrilib: “Anım Günündə bu duyğu və düşüncələrlə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.

Tədbir çərçivəsində Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib və baş konsulluğun binasında fotosərgi təşkil olunub.

***

Dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, şəhidlərimizin xatirə guşələri yaradılıb, sərgilər açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, soydaşlarımız Azərbaycan evlərindəki anım mərasimlərinə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən danışıblar.

Səxavət HƏMİD
XQ













Sosial həyat