Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Dünən ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, şəhidlərimiz dərin ehtiramla yad olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub. Paytaxt sakinləri və şəhərdəki xarici vətəndaşlar da şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endi, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Milli Məclis
Milli Məclisin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri iştirak ediblər.
Ziyarət zamanı kollektiv tərəfindən Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.
Yeni Azərbaycan Partiyası
Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Anım mərasimlərində ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Toplantılarda çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 44 günlük Vətən müharibəmizin başlanma tarixinin uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən, ərazi bütövlüyümüzün bərpasına, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan tarixi gün olduğu xüsusi qeyd edilib. Tariximizə qızıl hərflərlə yazılan Qələbənin qazanılmasında xalqımızın rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.
Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarını ziyarət edən hərbi qulluqçular şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə ediblər.
Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi və əməkdaşları Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizi ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri düzüblər.
Daxili İşlər Nazirliyi
Dünən Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Onlar 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək xatirə daşının önünə gül dəstələri qoyublar.
Nazirlikdə Anım Gününə həsr olunmuş mərasim də keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Respublika Prokurorluğu
Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtda yerləşən Zəfər parkında olub.
Prokurorluq əməkdaşları parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyinin kollektivi də Anım Günü ilə əlaqədar Zəfər parkında olub.
Parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
***
Nazirliyin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində isə “Zəfərin müqəddiməsi” adlı elmi sessiya keçirilib.
Muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov 2020-ci il 27 sentyabrının Azərbaycan milli şərəf və qəhrəmanlıq təqvimində əlamətdar gün olduğunu söyləyib. O, 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində tarixi Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını bildirib.
Akademik 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu qeyd edib. Rafael Hüseynov xalqımıza Qələbə bəxş edən şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, göstərdikləri fədakarlıq və qəhrəmanlıqların heç zaman unudulmayacağını, onların haqqında silsilə əsərlərin yazılacağını vurğulayıb
Milli Elmlər Akademiyası
Anım Günündə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıda yerləşən Zəfər parkında olublar.
Elmi ictimaiyyətin nümayəndələri Zəfər parkında xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Medianın İnkişafı Agentliyi
Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyət göstərərək xalqın dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadılar.
Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri də Anım Günü ilə bağlı Zəfər parkına gəliblər.
İcmanın nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Milli Kitabxana
Milli Kitabxanada “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur. Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
“Xalq qəzeti”
Anım Günündə “Xalq qəzeti”nin kollektivi də Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsini əbədiləşdirəcək kompleksin ərazisinə baş çəkib, igidlərin ruhunu ehtiramla yad edib.
Xatırladaq ki, nəfis memarlıq üslubuna malik, əzəməti ilə uzaqdan diqqəti cəlb edəcək memorial kompleksin divarlarına Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının hər birinin adı həkk olunacaq. Kompleksin ətrafında salınacaq gözəl park isə həm də paytaxt sakinlərinin istirahət üçün üz tutacaqları füsunkar məkanlardan birinə çevriləcək.
Səhifəni hazırladılar:
Tahir AYDINOĞLU,
Qabil ƏLIYEV,
Mahmud QƏRİBOV
XQ