Dönüşü olmayan payız gedişi

post-img

44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından biri də 2002-ci il iyulun 18-də Lerik rayonunun Laman kəndində dünyaya gəlmiş Orxan Mübariz oğlu Dənziyevdir. 

O, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanda ömrünün 18-ci payızını yaşayırdı. Xeyirxahlığı, mərhəməti, vətənpərvərliyi ilə böyük bir həyat hekayəsini sığdırdı çox qisa, amma çox şərəfli ömür payına.

Bakı Biznes və Kooperasiya Kollecini bitirdikdən sonra, 2020-ci il iyulun 29-da həqiqi hərbi xidmətə çağrılır. Sentyabrın 27-də Qarabağ uğrunda gedən döyüşlərə yollanır. Qəlbi ümid dolu gənc yola düşərkən “Biz Qarabağı mütləq geri alacağıq” –deyir. Yaşının az olmasına baxmayaraq, Ağdam–Tərtər istiqamətindəki döyüşlərdə cəsarətlə vuruşur, böyük hünər göstərir.

Vətənə olan sonsuz sevgisi, mərdliyi, qoçaqlığı sayəsində əsgər yoldaşlarının, komandirlərinin nüfuzunu qazanır.  Evdən zəng edib vəziyyətini soruşanlara heç vaxt gileylənmir, nigaran olmasınlar deyə hər dəfə  “hər şey yaxşıdır” deyə cavab verir, amma bu sözlər övladı odun alovun içində olan narahat ata-anaya təskinlik vermir. Oktyabrın 1-də atası ilə danışır və yenə həmişəki kimi nikbin əhval-ruhiyyə ilə. Bu onların son danışığı olur.

Orxan 2020-ci il oktyabrın 4-də mərmi qəlpəsindən yaralanaraq şəhid olur. Bu barədə oktyabrın 7-də valideynlərinə xəbər verilir. Oktyabr ayının 15-i şəhidin bayrağa bükülüb gələn tabutu kənddə böyük izdihamla qarşılanır, doğma kənddə torpağa tapşırılır. Həmin gün göylərdən deyil, gözlərdən yağırdı payız yağışı! Xalq arasında bir deyim var: “Göz yaşları gedəni geri gətirməz”. Gətirməz, amma o göz yaşlar doğma insan itkisindən yaranan ağrı-acını azacıq da olsa, azaldar. Orxanın anası  ağlayırdı, ürəyində qalan arzuları selə dönüb gözlərindən axırdı. Düşmən, ana zəhmətini, ana arzularını hədəfə almışdı. 8 Noyabr Qələbə Günəşi doğana qədər Nəsibə  ananın göz yaşları qurumadı. Qələbə sorağı məlhəm oldu şəhid  anasının qəlb yarasına. Qaysaq bağlasa da, sağalmadı o yara. Hər payız gələndə qopacaq, qanayacaq, sızlayacaq!

Ruhun şad, məkanın cənnət  olsun, payız ətirli şəhid! 

Zülfiyyə Ziya
XQ

Sosial həyat