Sentyabrın 26-da Gürcüstanın Marneuli şəhərində Birinci və İkinci Qarabağ (Vətən) müharibəsində şəhid olanların anım gününə həsr olunmuş “Xatirəniz əbədi, adınız ölməzdir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”nin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edildiyini diqqətə çatdırıb. O bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu müharibədə xalqımız şəhidlər verdi. Qədirbilən xalqımız şəhidlərin xatirəsini daim qəlbində yaşadır və yaşadacaq.
“Gürcüstanda yaşayan soydaşlarımız da şəhidlərimizin xatirəsini daim əziz tuturlar”, - deyə M.İmanov vurğulayıb.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək deyib ki, hər il 27 Sentyabr - Anım Günündə xalqımız Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarının xatirəsini ən dərin ehtiramla yad edir. Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. Bunun həm də böyük ictimai-siyasi və mənəvi əhəmiyyəti var. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqının milli vətənpərvərlik hissi olduqca yüksəkdir. Vətən müharibəsində oğullarını itirən atalar qürurla “Vətən sağ olsun!” deyərək, övlad faciəsi yaşayan analar onlara təqdim olunan Azərbaycan Bayrağını bağırlarına basaraq əsl vətənpərvərlik örnəyi nümayiş etdirirdilər”, deyə C.Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə, eləcə də ondan sonrakı müddət ərzində hər zaman Azərbaycana mənəvi dəstək verib, Marneulidə, Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib.
Sonra Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli Bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, parlamentin sabiq deputatlar Azər Süleymanov, Mahir Dərziyev və başqaları çıxış edərək xalqımızın Vətən müharibəsindəki qəhrəmanlığı barədə fikirlərini bölüşüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi