Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.
Azərbaycanın Xalq yazıçı Elmira Axundova AZƏRTAC-a açıqlamasında mədəniyyət günlərinin onun üçün xüsusi önəm daşıdığını və Mədəniyyət Nazirliyinin bu istiqamətdə fəal çalışdığını vurğulayıb.
“Bu yaxınlarda Özbəkistanda da oxşar mədəniyyət günləri təşkil edilmişdi. İndi isə Qazaxıstanda keçirilir. Bütün tədbirlər dostluq şəraitində baş tutur", - deyə o əlavə edib.
Elmira Axundova xatırladıb ki, keçmiş sovet dövründə, 1980-ci illərin əvvəllərində, Azərbaycanda demək olar ki, tez-tez Rusiya, Ukrayna, Qazaxıstan və digər respublikaların mədəniyyət günləri keçirilirdi: “Ümummilli Lider Heydər Əliyev bu tədbirlərə böyük əhəmiyyət verirdi və mən də o zaman Yazıçılar İttifaqında işləyərkən onların təşkilində iştirak etmişəm. Buna görə çox fəxr edirəm. İndi də bu prosesin bir parçası olmaq mənim üçün böyük qürurdur”.
Tanınmış yazıçısı qazax dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının mədəniyyət günləri çərçivəsində Astanada təqdimatının keçirildiyini bildirib. “Ədəbiyyatçılar tərəfindən böyük maraqla qarşılanan bu kitab gənclər üçün yazılıb və nümunəvi ailə dəyərlərini, insanların yüksək hisslərlə necə yaşadığını və ailə qurduğunu əks etdirir", – deyə o qeyd edib.
Elmira Axundova əlavə edib ki, "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabı həm rus, həm də Azərbaycan dillərində çap olunub. O, Aktaudakı baş konsulluğa və səfirliyə kitabın qazax dilinə tərcümə edilməsinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana