“A grammar of contemporary Azerbaijani” dərs vəsaitinin təqdimatı

post-img

Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsai­tinin təqdimatı keçirilib. 

Tədbirdə Heydər Əliyev Fondunun vit­se-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilmiş kitabın müəllifləri dilçi-alim Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovadır. 

Tədbirdə çıxış edən Azərbaycan Res­publikasının Diasporla İş üzrə Dövlət Ko­mitəsinin sədri Fuad Muradov müəlliflərin bu işə 5 ilə yaxındır başladıqlarını diqqətə çatdırıb. 

Xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dilinin qorunub saxlanılması­nı, onun inkişaf etdirilməsini əsas prioritet kimi qəbul etdiklərini vurğulayan komitə sədri Prezident İlham Əliyevin və birin­ci xanım Mehriban Əliyevanın tapşırığı ilə xaricdə “Azərbaycan evlərinin” təsis olunduğunu deyib: “Onların nəzdində şən­bə-bazar məktəbləri təşkil olunub ki, bizim xaricdə böyüyən uşaqlarımız və gəncləri­miz Azərbaycan dilinin mənimsənilməsi üçün bu imkanlardan istifadə etsinlər”. 

Təqdimat mərasimində çıxış edən dil­çi-alim Səbinə Əliyeva Azərbaycan dili is­tiqamətində görülən hər bir işin onun üçün Vətənə xidmət olduğunu deyib. 

Azərbaycan Dillər Universitetinin bey­nəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəri­bova belə bir dərsliyə böyük ehtiyac oldu­ğunu söyləyib. “Biz bir neçə ildir ki, xarici tələbələrə Azərbaycan dilini tədris edirik. Həmin prosesdə Azərbaycan dilinin sistem­li qrammatikasına dair dərsliyə böyük ehti­yac olduğunu görürdük və biz bunun üzə­rində çalışmağa başlayaraq, bu kitabı ərsəyə gətirdik”, – deyə prorektor qeyd edib. 

Kitabın redaktoru və Azərbaycan Dil­lər Universitetinin rektoru Kamal Abdulla nəşrin əhəmiyyətini vurğulayaraq, bu gün universitetə bir çox ölkələrdən gələn tələ­bələrin Azərbaycan dilini öyrənmək üçün çox həvəsli olduqlarını diqqətə çatdırıb. 

Dövlət Dil Komissiyası yanında Moni­torinq Mərkəzinin direktoru Sevinc Əliye­va bu dərsliyin gələcəkdə Azərbaycan dilini öyrənən hər kəs üçün zəngin bir ədəbiyyata çevriləcəyini vurğulayıb. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muze­yinin direktoru, akademik Rafael Hüsey­nov Azərbaycan dilinə həsr olunan hər bir kitabın diqqətəlayiq olduğunu qeyd edib. 

Tədbir bədii hissə ilə davam edib.

XQ



Sosial həyat