Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) hazırlıq kursunun 31 abituriyenti Gürcüstanın müxtəlif dövlət universitetlərinə daxil olub. Onlardan 17 nəfəri dövlət qrantı qazanaraq tam ödənişsiz ali təhsil almaq imkanı əldə edib.
XQ xəbər verir ki, abituriyentlərdən Murad Budaqov mümkün 80 baldan 74 bal toplayaraq yüksək nəticə göstərib.
“Ətrafında rəqabət apara biləcəyin potensiallı insanlar varsa, sağlam rəqabət ən böyük stimuldur” fikrinə əsaslanan Murad Budaqov deyib: “Xəyallarımı reallaşdırmağın yalnız bir yolu var idi - o da mükəmməl təhsil. Mən bunu bacardım. Təhsil aldığım müddətdə bütün fənləri yaxşı öyrənməyə, hərtərəfli hazırlaşmağa çalışırdım”.
“Gürcüstanda təhsil sahəsində davamlı xarakter alan islahatlar, həyata keçirilən tədbirlər həm təhsil sisteminin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, ali məktəblərə qəbul imtahanlarında özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Bu ilin qəbul prosesində də ciddi uğurlara imza atan məzunlarımız olub. Fürsətdən istifadə edib tələbə adını qazanmış məzunlarımızı səmimi qəlbdən təbrik edirəm”,- deyə Mərkəzin rəhbəri Murad Muradov öz sevincini bölüşüb.
Anar ƏLİ,
XQ