Türkiyə paytaxtında “İqlim səfirləri hərəkatı” funksionerlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) hazırlıq üzrə görüşü keçirilib.
2021-ci ildə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun himayəsi altında yaradılan bu hərəkat ölkənin müxtəlif universitetlərinin gənc iqlim fəallarını birləşdirir.
İki gün davam edən müzakirələrdə iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüslərə dair fikir mübadiləsi aparılıb. Gənclərin ətraf mühitin mühafizəsində fəal iştirakının əhəmiyyəti vurğulanıb, təşəbbüsləri isə COP29 ərəfəsində BMT-nin təmsilçilərinə təqdim etmək qərara alınıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver, BMT-nin koordinatoru Babatunde A.Ahonsi, UNICEF-in nümayəndəsi Çizuru İvata, Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar və başqaları iqlim səfirlərinin qarşısında çıxış ediblər.
Suver qeyd edib ki, iqlim dəyişikliyi problemi həmişəkindən daha aktualdır və təcili addımların atılmasını tələb edir. “Bu məsələdə ciddi məsuliyyət yükü gənclərin üzərinə düşür, onlar aktual məsələlərlə bağlı qərarların qəbulu prosesinə təsir göstərməlidir”, -deyə o vurğulayıb.
2024-cü ilədək ölkədəki onlarla universitetdən 18-25 yaş arasında 175 tələbə Türkiyənin iqlim səfiri olub. Eyni sayda gənc ehtiyat səfirlər siyahısına daxil edilib.