Həqiqəti ədalətlə qorumuş hakim

post-img

Həsən Əliyev – 100

Görkəmli hüquqşünas, uzun illər Azərbaycan Ali Məhkəməsinin hakimi və sədr müavini olmuş Həsən Əliyevin 100 yaşı tamam olur. Ömrünü insanların hüquq və azadlıqlarının qorunmasına həsr etmiş bu insan illər keçsə də unudulmur, tanıyanların xatirəsində ədalətli və prinsipial hakim, etibarlı dost, vicdanlı hüquqşünas, qayğıkeş valideyn kimi yaşayır.

Həsən Hüseyn oğlu Əliyev 1924-cü ildə anadan olub. Gənc yaşlarında Dünya müharibəsinə göndərilib, göstərdiyi hərbi rəşadətlərinə görə çoxsaylı orden və me­dallarla təltif olunub. O, cəbhədən qayıt­dıqdan sonra BDU-nun hüquq fakültəsini bitirib, Hərbi Tribunalda, Zaqafqaziya və Azərbaycan Nəqliyyat prokurorluqların­da, hakim və sədr vəzifələrində çalışıb. 1957-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinə üzv seçilib və 1990-cı ildə pensiyaya çıxana kimi orada çalışıb. 1972–1980-ci illərdə Ali Məhkəmənin sədr müavini olub. Həsən Əliyev birinci ixtisas dərəcəli hakim idi.

Ali Məhkəmədə 33 il çalışan Həsən Əliyevi bu qurumun sabiq sədri Abdulla İbrahimov belə səciyyələndir­mişdi:

– Həsən Əliyevlə Ali Məhkəmədə 18 il birgə işləmişik. Mən sədr olmuşam, o da müavin. Həsənin ən gözəl cəhətlərindən başlıcası 2 əsas məfhuma həssaslıqla ya­naşmasında idi: səlahiyyət və hakimiyyət. Bir çox hallarda müəyyən vəzifəyə təyin olunmuş adamlar bunu ayırd edə bilmə­diklərindən qanunsuzluğa, ədalətsizliyə yol verirlər. Həsənin ən nümunəvi cəhəti fəaliyyətini səlahiyyəti çərçivəsində həya­ta keçirməsində idi. Mən fəaliyyətim boyu heç kimdə Həsən Əliyev qədər səlahiyyə­tinə sadiq şəxsə rast gəlməmişəm.

Azərbaycan Respublikası Milli Məc­lisinin sabiq sədri, professor Murtuz Ələsgərovun Həsən Əliyev haqqında de­dikləri:

– Biz uşaqlıqdan 3 dost olmuşuq: Məmməd Xələfov, Həsən Əliyev və mən. Orta məktəbi də, ali məktəbi də birgə oxu­muşuq. Həsən həmişə tələbələr arasında öz zəkası, seminarlarda cavab vermək bacarığı, hər bir mühazirə ətrafında ana­litik diskusiya açmaq istedadı ilə hamıdan fərqlənirdi. Həsən müəllim daim ədalət axtarışında idi. İcraatında olan cinayət iş­lərinin hər detalına, cümləsinə qədər araş­dırar, nəticə çıxarmağa tələsməz, tam əmin olandan sonra qərar verərdi. O, görkəmli hüquqşünas olmaqla yanaşı, həm də sadiq ailə başçısı, gözəl ata idi.

Həsən Əliyevin həmkarlarından daha biri – Baş prokurorun müavini və Milli Məclisin sədrinin müavini olmuş Zakir Zeynalovun dediklərindən: 

– Həsən müəllim əsl hakim idi. Davra­nışı da, mədəniyyəti də, özünü aparması da nümunə idi. Öz iradəsini zorla başqasına yeritməyə çalışmaz, həmkarlarının fikrini öyrənərdi. Ali həqiqət harda idisə, Həsən müəllim də məhz orda olurdu. Mən onun bir dəfə də olsun haqsız qərar qəbul etdiyi­ni görməmişəm.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də Həsən Əliyevi kamil bir hüquqşünas, əsl ziyalı kimi xatırlayır:

– 1980-ci ildə təyinatla Ali Məh­kəməyə məsləhətçi kimi işə başlayanda o zaman məhkəmə sistemində sayılan və hörmət sahibi olan hakimlərdən biri olan Həsən Əliyevlə tanış oldum. O, son dərəcə ciddi bir insan olduğundan çox danışmağı sevməzdi. Lakin hüquq elmini hədsiz sev­diyinə görə vaxtının azlığına baxmayaraq, biz gənclərin ona olan müraciətlərini səbr­lə dinləyər, geniş fikir mübadiləsi aparardı. Onun müdrik bir kəlamı bu gün də yaxşı yadımdadır: “İnsan öz hərəkətləri qarşısın­da məsuliyyət daşıyır. Hüquqşünasın mə­suliyyəti isə ikiqat artıqdır – həm sözləri, həm də hərəkətləri qarşısında”.

Həsən müəllimin xatirəsi həmkarları­na, bütün tanıyanlara ona görə əzizdir ki, öz bilik və təcrübəsini gənclərə çatdırmaqdan zövq alıb. O, cəmiyyətdə ədalətli və huma­nist hakim kimi tanınıb. Onun hüquqşünas kredosu belə olub: “Hakim qəbul etdiyi hər hansı qərara görə qanuni izah verə bilmir­sə, əsassız hökm çıxarmaqdan çəkinməli­dir. Hər bir cinayət işinin arxasında canlı insan, onun ailəsi, taleyi durur”. O, məh­kəmə səhvlərinin mövcudluğunu da inkar etməzdi: “Elə səhvlər var, onları düzəlt­mək mümkündür. Səhvlər də var ki, onla­rın islahı müşküldür, ya da mümkün deyil. Ona görə də qərar verəndə yüz ölçüb, bir biçmək lazımdır. Hökm vermə prosesində tələskənliyə yol vermək olmaz”. 

Sovet dövrünün son illərində Həsən Əliyev Sabir Rəzzaqov və Kamal Musa­yev də daxil olmaqla Ali Məhkəmədə ən ağır cinayət işlərinə baxan 3 təcrübəli ha­kimdən biri olub. Hələ 1989-cu ildə məş­hur Sumqayıt hadisələri zamanı törədilmiş cinayət işləri üzrə məhkəmə baxışının icraatı da məhz Həsən Əliyevə tapşırılıb. Son dərəcə ağır olan bu cinayət işi barədə ədalətli qərar çıxarmaq üçün Həsən müəl­lim gecəli-gündüzlü çalışaraq işin mahiy­yətini dərindən öyrənib, xüsusatları ətraflı araşdırıb. Bundan sonra o, qətiyyətli addım ataraq ədalətli hökm çıxarmağa nail olub. O, son hökmünü yuxarıdan gələn göstə­rişlərə baxmadan, vicdanının hökmü ilə elan edib. Lakin bu hökm, sonralar SSRİ rəhbərliyinin xoşuna gəlməyib və o, cəza tədbiri olaraq 1990-cı ildə yenidən hakim seçkisindən uzaqlaşdırılıb. 

Həsən Əliyev bu ədalətsizliyin nə­ticəsində işsiz qalanda o vaxtlar Bakı Şəhər Məhkəməsinin sədri olmuş İkram Kərimov onu məhkəmədə məsləhətçi iş­ləməyə dəvət edib:

– Həsən müəllimin təqaüdə göndə­rilməsi səhv addım idi. O hələ çox işləyə bilər, gənc hakimlərin yetişməsinə daha çox kömək ola bilərdi. Həsən Əliyevin şəhər məhkəməsinə gəlişi ruh yüksəkliyi ilə qarşılandı. Keçmiş tələbələri, diplomu­na imza etdiyi şəxslər, vaxtilə işə götürdü­yü və bərabər çalışdığı hüquqşünaslar ona böyük ehtiramla yanaşırdılar. Ömrünün son günlərini mənimlə birlikdə keçirməsi­ni məmnunluqla xatırlayıram. O zaman 32 illik təcrübəmə baxmayaraq hər gün Həsən müəllimdən nəsə öyrənirdim. 

Həsən müəllimin xoşbəxtliyi bir də on­dadır ki, bu gün onun yolunu həmkarları, tələbələri və övladları davam etdirirlər. 2 oğlu, 4 nəvəsi, 8 nəticəsi var. Oğlu hüquq elmləri doktoru, professor Namiq Əliyevin Qarabağ həqiqətləri ilə bağlı sanballı ki­tabları və məqalələri 13 xarici dilə tərcümə olunub. Nəvələrinin 3-ü babasının yolunu davam etdirir – biri hüquq üzrə elmlər dok­toru, biri isə fəlsəfə doktorudur. 

Göründüyü kimi, Həsən Əliyev öz təcrübəsi və tövsiyələri ilə onlarla hüquq­şünasın püxtələşməsinə yardımçı olub. O, mənalı ömrünü cəmiyyətdə ədalətin bərqərar olmasına həsr edib. Buna görə də onu tanıyanların qəlbində xoş xatirələrlə yaşayır.

Aydın AĞAZADƏ,
Əməkdar jurnalist

Sosial həyat