TÜİB rəhbəri: Şəhid ailələrinə dəstəyin göstərilməsi Azərbaycan və Türkiyənin hər bir sakininin borcudur

post-img

“Türkiyə və Azərbaycanın Sahibkarları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) qardaş xalqların yaxınlaşmasına, o cümlədən şəhid ailələri üzvlərinin qarşılıqlı səfərlərinin təşkilinə yönəlmiş layihələrin dəstəklənməsini davam etdirəcək.

Bu barədə TÜİB sədri Hüseyn Büyükfırat AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri ilə söhbətində bildirib.

O, “YAŞAT” Fondunun “Qardaş ailə” proqramı çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin Türkiyəyə növbəti səfərinin təşkilində TÜİB-in töhfəsindən qürur duyduğunu bildirib.

“Qardaş ailə” proqramı ölkələrimiz arasında əlaqələrə töhfə vermək üçün növbəti mühüm fürsətdir. Bizim hər bir addımımız xalqlarımızın ortaq tarixi və mədəni bağlarına hörmətin təzahürüdür. Şəhid ailələrinə dəstək göstərmək hər birimizin borcudur. Biz bu istiqamətdəki işi davam etdirəcəyik”, - deyən Büyükfırat Azərbaycan-Türkiyə dostluğuna xələl gətirilməsinin yolverilməzliyini vurğulayıb.

İctimai birliyin rəhbəri xatırladıb ki, türk xalqının oğulları tarixin müxtəlif dövrlərində Azərbaycanın azadlığı naminə vuruşub, azərbaycanlı qardaşlar isə Türkiyəni müdafiə edərək qan töküblər: “Bunu ölkələrimizin ərazisində çoxsaylı memoriallar sübut edir”.

Onun sözlərinə görə, TÜİB-in hər bir üzvü Türkiyə və Azərbaycan arasında bir növ dostluq körpüsü qismində çıxış edir.

Qeyd edək ki, “Qardaş ailə” çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin 30 ailə üzvü Ankarada çoxsaylı görüşlər keçirib. Səfər proqramı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan şəhidlərinin doğmaları ilə görüşüb. “Azərbaycan Hava Yolları” QSC də layihəyə fəal dəstək göstərib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara





Sosial həyat