ADA Universiteti və Serbiya XİN-in Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

post-img

Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat və kommunikasiyalar, humanitar və digər aspektləri, habelə regional, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq və parlamentlərarası əlaqələrin dinamizminin mühüm rol oynadığını qeyd edib. Ali səviyyəli təmaslar çərçivəsində əsası qoyulmuş Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.

Ölkələrimizin nümunəvi ikitərəfli münasibətlər dinamikasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdə, həmrəylikdə özünü büruzə verdiyi məmnunluqla vurğulanıb.

Xüsusilə energetika, investisiyalar və s. istiqamətlər üzrə sahəvi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin intensivliyi təqdirəlayiq hesab olunub.









Siyasət