Milli Məclisə növbədənkənar seçkilər öz axarı ilə davam edir. İndiyə kimi heç bir qayda pozuntusu ilə rastlaşmamışıq.
Bunu könüllü müşahidəçi Laçın Rüstəmova deyib. Öz təşəbbüsü ilə könüllü müşahidəçi kimi seçkilərə qatılan L.Rüstəmova səsvermə prosesinin qayda-qanunlara uyğun keçirildiyini diqqətə çatdırıb: “Vətəndaşlar heç bir maneə olmadan namizədlərinə səs vermək üçün məntəqələrə gəlirlər. Seçki çox obyektiv keçir. Hələ ki heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Müxtəlif ölkələrdən gələn xarici müşahidəçilərə də lazımi məlumatları veririk. Hər biri də məmnun halda gedir”.
35 saylı Xətai üçüncü seçki dairəsinin Heydər Əliyev adına liseydə yerləşən 4 saylı seçki məntəqəsinin sədri Arzu Quliyeva isə bildirib ki, məntəqədə 1212 nəfər qeydiyyatdadır. Ən yaşlı seçici 1938-ci ildəndir. Saat 15:00-dək 300-ə qədər seçici öz hüququndan istifadə edib.
35 saylı Xətai üçüncü seçki dairəsinin Heydər Əliyev adına liseydə yerləşən 3 saylı seçki məntəqəsinin sədri Xanımsoltan Qurbanova məntəqədə 1114 seçicinin qeydiyyatda olduğunu, saat 15:00-a kimi 300-ə yaxın seçicinin səsvermədə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, 80 yaşdan yuxarı vətəndaşlar səs vermək üçün daşınan seçki qutusu üçün müraciət etməyiblər.
“Azərbaycanın gələcəyi naminə bütün seçiciləri Milli Məclisin yeddinci çağırış deputatlarının seçilməsi prosesində fəal iştirak etməyə dəvət edirik. Birlikdə uğurlu gələcəyə doğru birgə addımlayaq”, - deyə məntəqə sədri fikirlərinə yekun vurub.