88 saylı Şamaxı seçki dairəsi üzrə 608 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək

post-img

88 saylı Şamaxı seçki dairəsi 60 məntəqəni əhatə edir. Bu gün dairə üzrə səsvermə hüququ olan 51114 seçici növbədənkənar parlament seçkilərində öz namizədlərinə səs verəcək.

Dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz seçimini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səs verməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb.

Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 608 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Səhər saat 08:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər. Dairə üzrə 27 nəfər daşınan qutu üçün müraciət edib. Seçki prosesini yerli və xarici müşahidəçilər yaxından izləyirlər.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.







Sosial həyat