“Qarabağ” - “Dinamo” Zaqreb matçı öncəsi Xorvatiya mətbuatında Azərbaycan, Bakı və İçərişəhər barədə geniş məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, T-portalda dərc olunan məqalədə İçərişəhər və onun tarixi-memarlıq abidələrindən ətraflı söhbət açılır. Qeyd edilir ki, UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən, açıq hava altında muzey olan İçərişəhərin tarixi 2 min ildən çoxdur. Buradakı qala divarlarının Azərbaycan xalqının mübariz ruhundan xəbər verdiyi, İçərişəhərin bir çox filmlər üçün ilham mənbəyi olduğu da diqqətə çatdırılır.
Məqalədə Qız qalası, Şirvanşahlar Sarayı haqqında da ətraflı məlumat verilir. Böyük İpək yolu üzərində yerləşən İçərişəhərin ölkəmizin ilk feodal dövləti Şirvanşahların paytaxtı olmasından, burada zərdüştlüyün izlərini əks etdirən abidələrdən və onların sirli tarixinin hələ də araşdırıldığından bəhs edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb