Türkiyə mətbuatı meşə yanğınlarının söndürülməsində Azərbaycanın iştirakını geniş işıqlandırır

post-img

Türkiyə mediası Azərbaycanın ölkənin cənub-qərbində baş verən şiddətli meşə yanğınlarının söndürülməsində iştirakını geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, bazar ertəsi, avqustun 19-da qardaş ölkənin bir sıra agentlikləri, qəzetləri, telekanalları və xəbər saytları Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya təyyarəsinin Muğla vilayətində baş vermiş yanğınların söndürülməsində iştirakından bəhs ediblər.

Mətbuat Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyənin cənub-qərbinə göndərilən təyyarənin Anadolu meşələrində baş verən yanğının söndürülməsinə mühüm töhfə verdiyini yazıb.

Nəşrlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinadla bildirilib ki, “BE-200ÇS” təyyarəsi artıq fəlakət zonasına 12 uçuş həyata keçirib və bu, yanğın zonasına ümumilikdə 114 ton suyun tökülməsinə imkan verib.

Qeyd olunur ki, küləyin təsiri altında yanğının genişlənməsi hakimiyyət orqanlarını bir sıra yolları bağlamağa və bəzi yaşayış məntəqələrinin əhalisini təxliyə etməyə məcbur edib.

“İhlas” xəbər agentliyi “BE-200ÇS”in pilotu Cavid Qəhrəmanlı ilə danışıb və bildirib ki, rayonun bu hissəsini tüstü dumanı bürüdüyündən, yanğını söndürmək asan deyil.

“Qardaş Türkiyənin xalqına və dövlətinə kömək etmək bizim borcumuzdur. Türkiyədən olan qardaşlarımız da ilk zənglə Azərbaycana dəstək göstərirlər. Bu gün yardım əlini uzatmaq növbəsi bizimdir”, -deyə pilot əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara











Sosial həyat