Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şəkidə hesabat konfransında iştirak edib

post-img

Avqust ayının 8-də Şəkidə Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar, sonra mərkəzdə Ulu Öndərə həsr edilmiş ekspozisiya ilə tanış olublar.

Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Şəki Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq ağsaqqalların, o cümlədən Şəki rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.

Sonra Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Məruzədə Rayon Ağsaqqqallar Şurasının gördüyü işlərdən, keçirilən və ağsaqqalların iştirak etdikləri tədbirlərdən ətrafli bəhs edilib. Natiq vurğulayıb ki, təşkilatın üzvləri rayonda keçirilən ictimai-siyasi və mədəni tədbirlərdə, gənclərlə keçirilən görüşlərdə, konfranslarda geniş söhbətlər aparır, çıxışlar edir, aktual məsələlərin həllində yaxından iştirak edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında Vətənimizin dilbər guşəsi olan Şəkidə ağsaqqallarla, yerli sakinlərlə görüşməyindən məmnun olduğunu qeyd edərək xoş təəssüratlarını bölüşüb. Ağsaqqallıq institutunun tarixindən söz açan natiq ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ağsaqqalların Azərbaycanda və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Süni intellekt əsrində yaşadığımızı nəzərə alaraq müasir dövrlə ayaqlaşmalı olduğumuzu qeyd edən Bayram Yusifov bildirib ki, bununla yanaşı hər birimiz, əsasən də ağsaqqallarımız milli-mənəvi dəyərlərimizi yaşatmalı və gələcək nəslə ötürməlidirlər. Gənclərimizi yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, onların dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində yaxından iştirak etməliyik. Hər zaman olduğu kimi bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik ki, möhtəşəm Zəfərdən sonra bizi sevməyən qüvvələr qələbəmizə kölgə sala bilməsinlər. Ermənilər cəsarət tapıb bir daha Azərbaycana qarşı çıxa bilməsinlər. Natiq Vətənimizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqalları qarşıdan gələn parlament seçkilərində də aktiv olmağa çağırıb. Bayram Yusifov Şəki Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.

 

 















Sosial həyat