“Səyyar gənclər xidməti” layihəsi Şabranda davam etdirilir

post-img

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şabran rayonunda “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilib.

Bu barədə XQ-ə Gənclər Fondundan məlumat verilib.

Tədbirin açılışında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Təlim zamanı narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilib.

Təlimlərin 5 gün davam etdirilməsi nəzərdə tutulur.

Sosial həyat