Qəbələdə “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramı keçirilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələdə tələbə jurnalistlər üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə təşkil edilən Yay Təlim Proqramı uğurla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iyulun 29-da başlayan proqramın son günündə “Sosial iş və media” mövzusunda çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva sosial işçinin bacarıqları, media nümayəndələrinin həssas təbəqəli insanlarla münasibətlərinin prinsipləri, intihar hadisələrinin işıqlandırılması qaydalarını diqqətə çatdırıb.

O qeyd edib ki, yanlış məlumat yaymaqdan çəkinməklə, intiharın qarşısının alınması barədə ictimaiyyətə doğru məlumat vermək lazımdır.

Aparat rəhbəri həssas mövzulu hadisələrin mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələrini verib.

Təlimin yekununda gənc jurnalistlərə fəal iştiraka görə sertifikatlar təqdim edilib.

 

Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına uyğun təşkil edilib.



Sosial həyat