31 il əvvəl itkin düşən Camal Quliyevin nəşinin qalıqları Laçın rayonunda torpağa tapşırılıb

post-img

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş Quliyev Camal Möhübbət oğlu Laçın rayonunda dəfn edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimi Laçın şəhərində yeni salınan Şəhidlər xiyabanında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində iştirak edib. Döyüşçünün nəşi Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində aşkarlanıb.

Sosial həyat