“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinə yekun vurulub

post-img

İyulun 26-da Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İB tərəfindən həyata keçirlən “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin yekun tədbiri keçirilib.

Poeeziya Evinin direktoru, AYB Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı layihənin icrası müddətində qarşıya qoyulan məqsədlərin, o cümlədən Türk dünyası ölkələrində çağdaş dövrdə yaranan qəhrəmanlıq əsərlərinə dair xeyli materialın toplanıb dəyərləndirilməsi işinin uğurla yerinə yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, QHT-nin layihə üzrə bundan öncə keçirdiyi tədbirlərin nəticəsi kimi yaradıcı insanlardan mövzuya aid tədqiqat işlərinin davam etdirilməsi və təbliğat işlərinin artırılması yönündə bir sıra təkliflər alınıb. Bu da layihənin ideyasının ictimai aktuallığını,vacibliyini və davamlılığını artıran amillərdəndir. 

“Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı  layihənin yekunu, görülmüş işlər, ədəbiyyatımızın təbliği ilə bağlı yeni təkliflər barədə Sumqayıt şəhərində yazıb-yaradan ziyalılara ətraflı məlumat verib. Layihənin icrasında sumqayıtlı yazarların fəal iştirakından məmnunluq ifadə edən QHT sədri bildirib ki, tədqiqə və təşviqə cəlb olunan mövzu, keçirilən tədbirlər türk xalqlarının ədəbi-mədəni bağlarının araşdırılması, yazarlar arasında əlqələrin qurulması və daha da inkişaf etdirilməsində mühüm səciyyə daşıyır. Birlik toplanmış əsərlər barədə media və internet resurslarında bir sıra yazılar dərc etdirmişdir. Həmin əsərlərin gələcəkdə toplu halında nəşrində nəzərdən geçirməyi planlaşdırırıq.   

Tədbirdə AYB Sumqayıt bölməsinin sədri, şair  Gülnarə Camaləddin, AJB Sumqayıt şöbəsinin rəhbəri, şair-yazıçı Rafiq Oday, yazıçı Arif Ərşad, Polad İbrahimoğlu, Xan Rəsuloğlu, Elvin İntiqamoğlu, Rəna Təbəssüm, Səadət Salmanqızı, Elbrus Qayalı, Orxan Qədirzadə, Hafiz öz təkliflərini söyləyib, qəhrəmanlıq mövzusunda yazmış olduqları şeirləri səsləndiriblər. 

Sonda layihədə iştirak edən müəlliflərə diplomlar verilib, dəftərxana ləvazimatları hədiyyə olunub. 

P.ƏMİRCANOV

XQ

 



Sosial həyat