Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanının nəticələri açıqlanıb

post-img

Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisaslarının harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə iyulun 28-də keçirdiyi test imtahanının nəticələri açıqlanıb.

DİM-dən  bildirilib ki, abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1119 nəfər iştirak edib.

Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilib. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (imla, akkord, lad, məqam, interval).

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur.

İxtisaslar üzrə nəzəriyyə fənlərinin uyğunluğu və keçid balları DİM-in saytında təqdim edilib.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Elm