“YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün Antalya şəhərində yay düşərgəsi davam edir.
Fonddan bildirilib ki, düşərgənin növbəti həftəsinin iştirakçıları iyulun 28-də Bakıdan yola düşüblər.
Şəhidlərimizin 18-22 yaş aralığındakı oğlan övladlarının qatıldığı düşərgəsi avqustun 5-dək davam edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.