“COVID-19 pandemiyası insanların, heyvanların və ekosistemlərin sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu xatırladır. Bu il Braziliyada dağıdıcı daşqınlar, Meksikada rekord istilik dalğaları baş verib, Asiya, Avropa və Afrikada milyonlarla insan həddindən artıq istilərdən təsirlənib. İnsan fəaliyyəti və stresli ekosistemlər xəstəliklərin yaranması və yayılması üçün yeni imkanlar yaradıb. Bu stres amillərinə heyvan ticarəti, kənd təsərrüfatı, heyvandarlıq, urbanizasiya, hasilat sənayesi, iqlim dəyişikliyi, yaşayış mühitinin parçalanması və müəyyən ərazilərə müdaxilə daxildir. İnsan, heyvan və ətraf mühitin sağlamlığı arasında sıx əlaqələr müvafiq sektorlar arasında sıx əməkdaşlıq, ünsiyyət və koordinasiya tələb edir. Mən koordinasiyaya, əməkdaşlığa və Vahid Sağlamlıq dialoqunun faydalarına inanıram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə ÜST-nin Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpoziumda çıxışı zamanı deyib.
V.Andreeva bildirib ki, Vahid Sağlamlıq insanların, heyvanların və ekosistemlərin ayrı-ayrılıqda saxlanılması əvəzinə, bu sahələri birləşdirərək onların sağlamlığını optimallaşdırmaq üçün bir yanaşmadır: “Bu sektorlar üzrə səyləri birləşdirməklə biz sağlamlıq risklərinin qarşısını daha effektiv şəkildə ala və idarə edə bilərik. Mən Azərbaycanın Vahid Sağlamlıq yanaşmasına marağını çox alqışlayıram. Ümid edirəm ki, bugünkü simpozium Vahid Sağlamlıq mövzusunda sektorlararası dialoqa başlayacaq. Əməkdaşlıq və tərəfdaşlıq Vahid Sağlamlığın mərkəzindədir. Bu, hökumətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Bu maraqlı tərəflərin bu gün burada olduğunu qeyd etməkdən məmnunam”.
“Dubayda COP28-də ilk Sağlamlıq Günü keçirildi. COP28 Sağlamlıq Günündə müzakirə edilən əsas mövzulardan biri də iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini, o cümlədən Vahid Sağlamlıq vasitəsilə aradan qaldırmaq üçün uyğunlaşma tədbirlərinin müəyyən edilməsi və miqyasının artırılması olub. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 bu müzakirəni davam etdirmək üçün əla fürsət təqdim edir. COP29 Prezidentliyi sağlamlıq, insan kapitalı, iş, təhsil, uşaqlar və gənclərə həsr olunmuş tematik gün elan edib”, - deyə Vladanka Andreeva əlavə edib.