Fotoqraflarımız beynəlxalq fotomüsabiqədə 10 mükafat qazanıblar

post-img

Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə ardıcıl yeddinci dəfə keçirilən Azerbaijan Photo Salon 2024 adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. 

Foto müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 55 ölkəsindən 234 fotoqraf tərəfindən 3 min 376 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və peyzaj mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Almaniya və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 180 mükafata 45 ölkənin 122 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan 7 fotoqrafımız müsabiqədə seçiliblər. Onlardan Dilavər Nəcəfov qızıl medal, Nurlan Tahirli gümüş medal və fəxri lent, Kərim Abbasov iki fəxri lent, Valeriy Xlızov bir fəxri lent və diplom, Famil Mahmudbəyli, Roman İsmayılov və Aleksandr Firstov fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 2-si medal olmaqla toplam 10 mükafat əldə olunub.







Sosial həyat