“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci “YAŞAT” yay məktəbinin birinci həftəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində fəal iştiraklarını təmin etmək, onların vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək göstərməkdır.
İyulun 13-dən 27-dək davam edəcək yay məktəbi London Universitet Kollecində keçirilir və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunurlar.
Ekskursiya dünyanın ən böyük muzeylərindən olan və ən nadir eksponatların qorunduğu Britaniya Tarix Muzeyinə ziyarətlə başlayıb. Sonra iştirakçılar Londonun mərkəzindəki “Hyde Park” krallıq parkına, xalq sənətkarlıq nümunələrinin, geyim və zinət əşyalarının satıldığı məşhur “Camden Market”ə üz tutublar. Ən maraqlı məqam isə Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölən sıfırıncı meridian adlanan Qrinviç meydanı ilə tanışlıq olub.
Layihənin birinci həftəsi uğurla başa çatıb. İştirakçılar növbəti həftə də bir-birindən maraqlı yerləri ziyarət edəcəklər.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladıdır.