Məşhur onkoloq Məmməd Bağır Əliyevə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı təqdim edilib

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, RF Dövlət mükafatı laureatı Məmməd Bağır Əliyevlə görüşüb. 

Qonağı səmimi salamlayan Komitə sədri akademik Məmməd Bağır Əliyevlə fikir mübadiləsi aparıb.  Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.

Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Məmməd Bağır Əliyev bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və  hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının artırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Məmməd Bağır Əliyevə diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib. 

Qeyd edək ki, 2001-2016-cı illərdə Ümumrusiya Azərbaycan Konqresinin prezidenti olan Məmməd Bağır Əliyev 400-dən çox elmi nəşrin və 9 ixtiranın müəllifidir.



Sosial həyat