Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PASHA Holding” MMC-nin maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları 2024” proqramına başlanılıb. Layihənin məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində, ümumilikdə, 70 şəxs “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial media marketinqi”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzularında biznes, seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar. Dövlət Məşğulluq Agentliyi iştirakçılara seçdikləri istiqamət üzrə avadanlıq verəcək.
Proqram çərçivəsində KOB-ların hazırladığı məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirən platforma da yaradılıb. Yeni KOB sub-yektləri də həmin platformaya əlavə ediləcək.
Z.BƏŞİRQIZI
XQ