Çuvaş qızı Alyona ilk dəfə Azərbaycanda

post-img

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova qardaş Çuvaşıstanın tanınmış sənətçisi Alyona Silpi (Alyona Vladimirovna Maksimova–Savelyeva) ilə görüşüb.

Sənətçini və onun ailəsini böyük hörmətlə salamlayan RHİM İB sədri mədəni əlaqələrin, sənət bağlarının xalqlar, ölkələr arasında ən güclü əməkdaşlıq platforması olduğunu deyib. 

Arzu Bağırova ictimai, sənət bağlarının qarşılıqlı olaraq gücləndirilməsi imkanları, münasibətlərin daha istiləşməsi barədə fikirlərini bölüşüb. Ötən illərdə Çuvaşıstandan Azərbaycana səfər etmiş ictimai və sənət xadimləri ilə aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb, onlarla bağlı fikirlərini söyləyib.

Çuvaş xalq mahnılarının mahir ifaçısı olan Alyona Silpi ilk dəfə Azərbaycanda olduğunu bildirib. O, ölkəmizə həyat yoldaşı və azyaşlı oğlu Arslanbek ilə birgə, Milli Yaylaq Festivsossosalında iştirak etmək üçün  gəldiyini söyləyib. Azərbaycandan zəngin təəssüratla ayrılacaqlarını bildirən çuvaş sənətçisi, bu səfərin yeni sənət bağlarının qurulması, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqlarımız arasında  yeni ünsiyyətlərin yaranması baxımından çox faydalı olduğunu vurğulayıb.

 Arzu Bağırova Çuvaşıstan–Azərbaycan mədəni bağlarının güclənməsinə verdiyi töhfələrə görə Alyona Silpini RHİM İB-in “Fəxri fərman”ı ilə təltif edib. Eyni zamanda, tərəflər arasında qarşılıqlı hədiyyələr bağışlanıb.

Görüşdə çuvaş xalqının ziyalısı – xanım Silpinin həyat yoldaşı, ictimai xadim Oleq Maksimov, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıt Poeziya Evinin direktoru  İbrahim Hacıyev (İlyaslı),  Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri  İntiqam Yaşar və RHİM İB-nin koordinatoru Nilufər Lətif iştirak edib.

 

Zərifə BƏŞİRQIZI

XQ





Sosial həyat