Silahlı Qüvvələr bizim şərəf və iftixar mənbəyimizdir

post-img

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, ordu quruculuğu da dövlət siyasətinin əsası istiqamətlərindən birinə çevrildi. Reallıq budur ki, müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu istiqamətində atılan addımlar onun maddi-texniki bazasının möhkəmləndirilməsində, gənclərimizin vətənpərvərlik hisslərinin artmasında, hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələrində özünün aydın ifadəsini tapdı. Xalqımızın Ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Ümummilli lider sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olmasını əsas amillərdən biri kimi önə çəkdi. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təmin olunmasında, bütün sahələrdə uğurlu addımların əldə olunmasında öz sözünü dedi. 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd etduyimiz  bu ərəfədə qürurla deyə bilərik ki, qalib Azərbaycan xalqının hər bir fərdi Müzəffər Ordusu ilə qürur duyur, əsgər, zabit adına xüsusi hörmət və rəğbət bəsləyir. Bir çox azyaşlı həmvətənlərimiz əsgər olacağı, Vətənin keşiyində qətiyyətlə, qürurla dayanacağı günü səbrsizliklə gözləyir. Əlbəttə ki, Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi böyük Zəfərdən öncə də daima Azərbaycan gənci öz vətənpərvərliyi ilə seçilir, Vətən eşqi ilə fərqlənirdi. Mübariz İbrahimovun, Fərid Əhmədovun, Ramil Səfərovun, Pəncəli Teymurovun və digər bir çox qəhrəmanlarımızın simasında bu ülvi hisləri yaşadırdı. Ancaq xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin öz Vətənini, torpağını canından belə çox sevdiyi, heç vaxt görmədiyi diyarlar üçün gözünü belə qırpmadan ölümə gedəcəyi sübut olundu. 44 günlük Vətən müharibəsi Azəbaycanın şanlı tarixinə qızıl hərflərlə həkk olundu. Müharibə həm Ordumuzun peşəkarlığının, cəsarətinin, qətiyyətinin, həm də hər bir Azərbaycan gəncinin vətənpərvərliyinin canlı təntənəsiolaraq çıxış etdi. Həmin günləri xatırlayarkən hər kəsin gözündə yalnız bir mənzərə canlanır: hər gün irəliləyən, qətiyyətlə ana torpağını düşməndən təmizləyən güclü Ordu, həmin Orduya qoşulmaq üçün könüllü olan minlərlə gənc, orduya, Ali Baş Komandana dəstək olmaq üçün hər şeyə hazır olan,  hətta illərlə əziyyətlə qurub yaratdığı evini, malını-mülkünü itirsə belə “Təki Vətən sağ olsun!! Yalnız irəli” deyən bir xalq. Belə bir Ordunun, belə bir xalqın qarşısında təbii olaraq heç kim dayana bilməzdi. Cəmi 44 günə 28 illik işğalı sona çatdırmağın təməlində məhz bu amillər dayanırdı. Əlbəttə ki, qələbəni bir çox səbəblərə, o cümlədən, illərlə xüsusi diqqətdə saxlanılan zabit heyətinə, müasir silah-sursat və texnikaya, dinamik inkişaf edən hərbi sənayeyə, mükəmməl səviyyədə hazırlanan və vahid mərkəzdən idarə olunan hərbi taktikaya və s. bağlamaq olar.

Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün  təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir  xalq üçün qürur mənbəyidir. Bu baxımdan, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının bəxti gətirmişdir. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu. Silahlı Qüvvələr Günü ölkəmizdə ümumxalq bayramı statusunu qazanmışdır. Silahlı Qüvvələrin hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Dövlət tərəfindən hər tərəfli qayğı göstərilir. Ordumuz günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir.

Nicat İsmayılov

Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri



Sosial həyat