Fərid Qayıbov: Gənclərin böyük layihələrdə iştirakı vacibdir

post-img

"Son zamanlar Şuşa şəhərində bir çox tədbir təşkil olunur. Bu layihənin icrasında göstərilən köməyə görə ICESCO rəhbərliyinə təşəkkür edirəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərində keçirilən "By Youth for Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumundakı çıxışı zamanı deyib.

Nazir forum çərçivəsində geniş və əhatəli müzakirələrin aparılacağını bildirib: "Gənclər bizim gələcəyimizdir. Onların bu cür böyük layihələrdə iştirakı vacibdir. Qarabağ bölgəsi işğaldan azad edildikdən sonra burada quruculuq işləri aparılır. Şuşanın bu foruma ev sahibliyi etmədi sevindirici haldır".

Qeyd edək ki, forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilir.

Forum öz işinə iyunun 26-27-də Bakıda gənclərin iştirakı ilə panel müzakirələr və təqdimatlarla davam edəcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Sosial həyat