SAMUX
Samux rayonunda XXI əsrin ilk Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun anım günü qeyd edilib.
Tədbir iştirakçıları Samux Rayon Əhmədbəyli kənd şəhidləri qəbiristanlığında Milli Qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzüblər. Daha sonra rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək deyib ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girən həmyerlimiz bir neçə nəfəri məhv etdikdən sonra, sərhəd pozucularının birinin sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görüb və dərhal qumbaranın üzərinə atılaraq öz həyatı bahasına əsgər və zabitlərimizi xilas edib. Eltun bu hərəkəti ilə Azərbaycan oğullarının Vətən uğrunda lazım gələrsə, canlarından keçə biləcəyini sübut edərək, gənc nəsillərə nümunə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücaəti nəzərə alaraq 25 iyun 2009-cu il tarixli sərəncamı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını verib.
Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlığı ilə fəxr etdiyini, Eltun kimi vətənpərvər oğulların sayının minlərlə olduğunu vurğulayıb. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
NAFTALAN
Yaxın vaxtlarda Naftalanda daha bir yeni müalicə mərkəzi istifadəyə veriləcək.
Respublikanın digər bölgələrində olduğu kimi, Naftalan şəhərində də sahibkarlıq gündən-günə inkişaf edir. Beləliklə də yeni açılan iş yerlərinin sayı artır, əhalinin sosial rifah halı daha da yaxşılaşır.
Beynəlxalq Turizm Mərkəzi hesab edilən Naftalanda sahibkarlara geniş imkanlar yaradılmışdır. Həm hotel və istirahət, həm də müalicə mərkəzi kimi Naftalana üz tutan yerli və xarici turistlərə yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada hər cür şərait yaradılıb.
Bu günlərdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov tikintisində son tamamlama işləri görülən “Naftalan Hotel”ə baş çəkib, aidiyyəti üzrə fikir və tövsiyələrini bildirib.
AĞSTAFA
Ağstafalı şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş keçirilib. Rayon icra hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə 50 nəfərdən çox şəhid ailəsinin üzvü iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra RİH başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, polis şöbəsinin rəisi Vüqar Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, dövlətimizin başçısı həssas təbəqədən olan vətəndaşlarımızın problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib.
Görüşdə çıxış edən şəhid valideynlərindən Azər Abbasov, Aydın Mehdizadə, Zeynəb Sadıqova, Afət Namazova, Nazim Yusifov, Nizami Yolçuyev, Bayram Ələkbərov, Yasəmən Qurbanova, Xatirə Əlizadə, İlqar Quliyev, Aybəniz Əhmədova və şəhid qızı Nəcmiyyə Sədizadə şəhid adının əbədiləşdirilməsi məqsədi ilə görülən tədbirlərdən, müharibə əlilləri və şəhid ailələrinin mənzil – məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunmasından söz açıb, icra olunan ardıcıl tədbirlərə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əlievaya dərin minnətdarlıqlarını bildiriblər.
H.QASIMOV,
XQ-nin bölgə müxbiri