Bəri başdan deyim ki, son 25–30 ildə dəfələrlə Türkiyəyə getsəm də, uşaqlıq və gənclik illərimdə qətiyyən belə bir arzum olmamışdı. Çünki həmin dövrdəki dövlət siyasəti Türkiyəni bizə NATO üzvü ( Türkiyə 1952-ci ildən bu hərbi ittifaqın üzvüdür), düşmən dövlət kimi təqdim etmiş və mən də “fəal komsomolçu” kimi həmin düşüncənin təbliğatçılarından biri olmuşdum. Bu qardaş ölkəni görmək həvəsi məndə məhz SSRİ dönəmində, 1977-ci ildə Aqşin Babayevin Türkiyə təəssüratlarını eşidəndən sonra yaranmışdı.
Unuda bilmərəm, Bayılda, Neftçilərin Mədəniyyət Sarayında fəaliyyət göstərən “Müşfiq bulağı” ədəbi birliyinin görüşə dəvət etdiyi qonaqlardan biri də iki il “düşmən ölkədə” – Türkiyədə işləyib qayıtmış Aqşin Babayev idi. Qonağın həmin bir saatlıq tədbirdə sevə-sevə, qardaşcasına, fəxarətlə danışdıqları, sözün həqiqi mənasında, mənə Türkiyəni sevdirmişdi. Ədəbi birliyin bütün tədbirlərində “dil ağıza qoymasam” da, həmin tədbirdə danışa bilməmişdim. Aparıcı mənə söz verəndə isə “Türkiyəyə gedib qayıdandan sonra danışaram” – deyə vəziyyətdən çıxmışdım. O zaman hamı gülsə də, Aqşin müəllim “İnşallah, gedərsən!”– deyə mənə ürək-dirək vermişdi. Çox sonralar bu xatirəni dövlət radiosu Xəbərlər baş redaksiyasının baş redaktoru, rəhmətlik Heydər Zeynaloğlunun iş otağında Aqşin müəllimə danışmışdım.
Radiodan söhbət düşmüşkən xatırladım ki, sovet dönəmində Cənubi Azərbaycandakı soydaşlarımız üçün hazırlanan “Körpü” verilişinin də, “Səhər” xəbərlər proqramının da yaradıcısı Aqşin Babayev olmuşdu və həmin verilişlər indi də “yaşayır”. Aqşin müəllimin adı ilə bağlı olan başqa bir təsisat isə Milli Məclisin mətbuat katibliyidir. Aqşin Babayev o xidmətin yarandığı gündən etibarən tam 15 il rəhbəri olmuş və 2004-cü ildə II dərəcəli dövlət müşaviri statusuna layiq görülmüşdü. Mən o dövrdə Ali Sovetin, demək olar ki, bütün tədbirlərində iştirak edirdim. O zaman üç məsələ mənim diqqətimdən yayınmırdı: Aqşin Babayevin bütün jurnalistlərlə təcrübəli müəllimin sevimli şagirdi ilə danışırmış kimi rəftar etməsi, Rəsul Quliyevin xarici qonaqlarla bir az ərkyana danışması, bir də əcnəbi siyasətçilərin Heydər Əliyevə çox böyük ehtiramla yanaşması. ...Qərəz, mən dövlət radiosundan ayrılıb, köhnə həmkarımız Qulu Kəngərlinin təşəbbüsü və iştirakı ilə “Xalq qəzeti”nə gələndə baş redaktor Mahal İsmayıloğlu sınaq müddəti adıyla məni parlamentə göndərdi. Hamı bilirdi ki, iş yerindən vəsiqəsi olmayan jurnalisti Milli Məclisə buraxmırdılar. Mən radiodakı şöbəmizin əməkdaşı Cahid Rüstəmova (Cahid müəllim uzun müddət televiziyada işləmiş, yaş senzinə görə onu işdən çıxartmaq istəmədiklərinə görə radionun Xəbərlər redaksiyasına göndərmişdilər) dedim ki, Aqşin Babayev sizin yaxın dostunuzdur, mənim parlamentə buraxılmağıma kömək eləsin. Cahid müəllim yanımdaca zəng elədi. Aqşin Babayev dedi: “Mən nə zamansa BMT məsulu olsam, İttifaq Mirzəbəylinin o binaya girişinə də heç bir məhdudiyyət qoyulmaz.”
...Mən parlamentin iclaslarına getdim, dörd-beş yazı hazırladım və cəmi on gündən sonra əmrim verildi. Sonralar Aqşin Babayevlə neçə yüz dəfə görüşdümsə... sayını– hesabını bilmirəm. Amma onu bilirəm ki, filologiya elmləri doktoru, professor Aqşin Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri vəzifəsində çalışdığı illərdə bizim evin ilki Sadiq həmin universitetdə oxuyurdu. Aqşin müəllim, bəlkə də, on dəfə mənə demişdi ki, sən o uşağın adını səhv yazdırmısan, onun adı Sadiq yox, Sakit olmalı idi.
Bir dəfə də (artıq Sadiq universiteti bitirəndən beş-altı il sonra) məndən soruşdu ki, Sakit necədir? Dedim, sağ olun. Çində magistratura təhsilini başa vurub, indi də doktoranturaya hazırlaşır. Elə sevindi ki, sanki, söhbət öz nəvəsinin uğurlarından gedirdi: “O bacarar, doktoranturanı da oxusun, əmisi ona hansı məsələdə istəsə kömək edər”. Xatırladım ki, Aqşin müəllim Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü idi. ...Təbii ki, hamımız həyatdan gedəcəyik. Ancaq Aqşin Babayevin torpaqlarımızın düşmən işğalından azad edilməsini görmədən dünyasını dəyişməsi (2020-ci il iyunun 10-da), sözün həqiqi mənasında, onu istəyənlərin ürəyini yandırdı. Çünki o, daim – həm ulu öndərin, həm də Prezident İlham Əliyevin münaqişənin ədalətli şəkildə həll edilməsi üçün apardığı mübarizənin, demək olar ki, içərisində olmuşdu. Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist