Azərbaycan Respublikasının 2024-cü il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Məlumatı FHN mətbuat xidməti verib.
Təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, şəhər Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, şəhərin mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə şəhər rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, şəhərin mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.
Təlimin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin, şəhərin aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 192 nəfərdən ibarət şəxsi heyəti və 42 ədəd texnikası cəlb edilib.
P.ƏMİRCANOV
XQ