Əziz Sancar Azərbaycan Tibb Universitetində

post-img

Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycan Tibb Universitetində professor-müəllim heyəti ilə görüşüb.

ATU-nun rektoru professor Gəray Gəraybəyli  qonağa universitetin yaranma tarixi, strukturu, tədris proqramı və təhsil prosesi barədə ətraflı məlumat verib. O, artıq 90 yaşını geridə qoyan qocaman universitetin Azərbaycanda yüksək ixtisaslı həkimlərin, elmi araşdırmaçıların yetişdirilməsinə böyük rolu olduğunu vurğulayıb. Rektor G.Gəraybəyli dünya şöhrətli alimin ATU-da qonaq olmasını universitet kollektivi, tələbələr və gənc tədqiqatçılar üçün mühüm hadisə kimi dəyərləndirərək Əziz Sancara təşəkkürünü çatdırıb.

 ATU-nun Onkologiya kafedrasının müdiri, Tədris Onkoloji Klinikanın müdiri, akademik Əhliman Əmiraslanov dünya şöhrətli alimi salamlayaraq ölkəmizdə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışıb. Təhsilin və səhiyyənin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq üçün elmi-tədqiqatların önəmini vurğulayıb.

Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar ATU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə mövcud təhsil prosesi, tələbələrin və rezidentlərin elmi tədqiqatlarını aparması üçün yaradılmış şəraitlə maraqlanıb. Dünya şöhrətli alim savadlı nəslin yetişdirilməsi üçün gənclərdə elmə maraq oyatmağın, fizika, kimya, biologiya və texnologiya sahələrini təşviq etməyin əhəmiyyətindən danışıb.

Sonra Nobel mükafatçısı universitetin akt zalında tələbə və müəllim heyəti üçün "Xərçəng xəstəliyinin müalicəsində EdU-nun (5-ethynyl-2'-deoxyuridine) tətbiqi" mövzusunda mühazirə oxuyub. Mühazirədə EdU-nun insan genomuna təsiri, mədəaltı vəzin, mərkəzi sinir sistemi xərçənginin müalicəsində effekti ilə bağlı elmi araşdırmaların nəticələrinə istinad olunub. Sonda Əziz Sancar tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.

 

Z.HÜSEYNOVA

XQ

 







Səhiyyə