Dünyanın ən böyük rəsədxanalarından biri

post-img

Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən göy cisimlərinin öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.

Azərbaycan astronomiya elmi orta əsr Azərbaycan astronomu Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapmışdır. XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlandı. 1927 ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.

Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün müvafiq və əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulur. Rəsədxana Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan Elmlər Akademiyasının Astrofizika Sektoru (1956) kimi fəaliyyət göstərir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan EA strukturuna daxil edilir.

Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.

1960-1980-ci illərdə Şamaxı Rəsədxanasında intensiv şəkildə astrofiziki müşahidələr təşkil olunmuşdur. Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Sonralar həmin kafedra ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2013-cü illərdə rəsədxanada maddi-texniki bazanın möhkəmləndirilməsi və ətraf mühitin sağlamlaşdırılması üçün yenidən qurulma işləri aparıldı. Bunun üçün əvvəlcə 5 milyon manat, daha sonra da əlavə 3 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyev Şamaxı Rəsədxanasını belə qiymətləndirib: “Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir... Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.

Hazırda burada azərbaycanlı astrofizik alimlər fəaliyyət göstərir. Rəsədxana gecə və gündüz müəyyən saatlara ziyarətçiləri qəbul edir. 

Dövlətimizin dəstəyi ilə Şamaxı Astrofizika Rəsədxanası astronomiya elminə böyük töhfələr verərək Azərbaycanı astronomiya sahəsində də irəli aparır. Biz hər sahədə daim inkişaf edirik.

Nəzrin SULTANOVA, 

Toğrul İBRAHİMOV, 

BDU-nun jurnalistika fakültəsinin tələbələri

 

 

 

Sosial həyat