“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sosial məsuliyyət strategiyası çərçivəsində faydalı təşəbbüslərin dəstəklənməsini daim diqqətdə saxlayır və ictimai layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu məqsədlə DVX-də 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası və “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin məzarı önünə əklillər və gül dəstələri düzüblər.

Xeyriyyə Yaradıcılıq Yarmarkasında vergi orqanları əməkdaşlarının övladlarının 250-dən çox yaradıcılıq nümunələri nümayiş etdirilib. Məktəblilərin rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə - valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün vergilər mövzusunda maarifləndirici təqdimat keçirilib, məktəblilərə vergilərin əhəmiyyəti barədə danışılıb. Sonra uşaqlar üçün interaktiv yarışma təşkil olunub, məktəblilər vergilər mövzusunda sualları cavablandırıblar. Yarışmada fərqlənən məktəblilərə müxtəlif hədiyyələr verilib.

Tədbir zamanı “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qalibləri də mükafatlandırılıblar. Qalib gələn məktəblilərə diplom və sertifikatlar, hədiyyələr təqdim olunub.







Sosial həyat