Uşaqlara bağışlanmış Dünya günü

post-img

Bakıda, eləcədə bölgələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müxtəlif bayram tədbirləri keçirilib. İçərişəhərdə “Uşaqlar üçün İrs” mədəniyyət və yaradıcılıq festivalı xüsusilə yaddaqalan olub. 

Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirli­yinin təşkilatçılığı ilə baş tutan festivalda uşaqların maraq dairələrinə uyğun əy­ləncə növləri, maarifləndirici proqramlar iştirakçılara xoş əhval bəxş edib. 

Vətən uğrunda şəhid olan qəhrəman­larımızın övladlarının, Bakıdakı uşaq evlərinin sakinlərinin və daun sindromlu uşaqların da iştirak etdikləri festivalda ayrıca zonanın səhnəsində “Azəri in­ciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Tə­bəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İn­cəsənət Məktəbinin üzvləri çıxış ediblər.

İdmanın, sağlam həyat tərzinin təbli­ği məqsədilə müxtəlif zonalarda yarışlar olub. Həmçinin balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkillər­lə və cizgi filmlərinin qəhrəmanları kimi bəzətmək imkanı qazanıblar. “Street art” – küçə incəsənətinin nümayişi üçün şəra­it yaradılıb. Daha bir maraqlı məqam isə arxeoloji meydançada və gənclərin ma­raq göstərdikləri “Playstation zonası”nda yaşanıb. 

Festivalda iştirak edən balaca fidan­lar və onların valideynləri “XQ”-yə öz təəssüratlarını bölüşdülər. 

Valideyn Gülnaz Xanlarova:

– İki övladımla birlikdə festivalda işti­rak edirik, bütün azyaşlıları düşünüb fes­tivalı təşkil edən hərkəsə minnatdaram. Festival uşaqlarla bərabər özümüz üçün də əyləncəli oldu.

Valideyn Vəfa Şirinova: 

– Bütün uşaqları təbrik edirəm. On­lara xoş, firəvan gələcək arzulayıram. Festival çox gözəl təşkil olunub, hey­vanlar üçün ayrılmış və arxeloji qazıntı zonasından istifadə etdik. Uşaqlar üçün maraqlı oldu .

Balacalar da bizə müsahibə ver­dilər. Aynurə Məhərrəmovanın ürək sözləri: 

– Burda çox əyləndim. Ən çox da xo­şuma üzümüzə müxtəlif rəsmlərin çəkil­məsi oldu. Bütün həmyaşıdlarımı təbrik edirəm. 

Səbinə İskəndərova: 

– Bütün uşaqlar kimi mən də bu festi­valda doyunca əyləndim. Xoşuma gələn isə itlərlə oynamaq oldu.

Nadir Səfərov:

– Mən burda çoxlu rəsm çəkdim, ki­tab aldım, arxeoloji qazıntıda oldum. Gül­lər əkdim, çox maraqlı idi…

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiya­rına verilərək onlara unudulmaz anlar yaşatdı.

Ayşən AZADOVA,
Cavid İTTIFAQOĞLU (foto)
XQ

Sosial həyat