Səbail Rayon Polis İdarəsi 39-cu bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.
O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft.az”, “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
P.ƏMİRCANOV
XQ