Varşavada “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib

post-img

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Varşava şəhərinin mərkəzi küçəsində yerləşən “Ziyarət bacıları kilsəsi”nin (“Kościołem Sióstr Wizytek”) önündə “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Nərgiz Qurbanova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian Dini İcmasının sədri Rasim Xəlilov, Bakı Yeparxiyasının ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev, Azərbaycanın katolik icmasının nümayəndəsi Kamala Kannan Selva Kumar, Varşava Arxiyepiskopluğunun arxiyepiskopu Mixal Yanoxa, Polşa Respublikası Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Pavel Koval, Polşanın müxtəlif qurumlarının nümayəndələri, eləcədə Azərbaycan diasporasının üzvləri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə səfir Nərgiz Qurbanova Azərbaycanda multikulturalizm ənənələri barədə məlumat verərək tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşadığını söyləyib. Təsadüfi deyil ki, Roma Papası II İohan Pavel 2002-ci il mayın 22-23-də ölkəmizə səfəri zamanı Azərbaycanda tolerantlıq mühitini yüksək qiymətləndirib və bu tolerantlıq mühitinin ölkə üçün qürur mənbəyi olduğunu qeyd edib.

Səfir Azərbaycanda xristianlığın hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başladığını, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostolların gəldiyini, burada xristian dininin yayılmasının apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdi olan Yeliseyin adı ilə bağlı olduğunu əlavə edib. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb. Səfir Alban kilsəsinin nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayıldığını vurğulayıb.

O, Alban Apostol Kilsəsinin varisləri olan və Qəbələ rayonunda məskunlaşan udilərin öz dinlərini və adət-ənənələrini bu günədək qoruyub saxlamasını ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrinə sadiq qalmasının bariz nümunəsi olduğunu qeyd edib.

Səfir N.Qurbanova Azərbaycanda bütün dinlərin mənsublarının dövlət qayğısı ilə əhatə olunduğu, bunun əyani sübutu olaraq Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə hər il dövlət büdcəsindən müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən xristian dini qurumlarına maliyyə yardımı ayrıldığı, onların ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətində işlər görüldüyü barədə məlumat verib.

N.Qurbanova sözügedən sərginin təşkilində mühüm rol oynamış Heydər Əliyev Fondunun bu il 20 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb, habelə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Azərbaycanın mədəni və mənəvi dəyərlərini xaricdə fəal şəkildə təbliğ etdiyi, eyni zamanda bütün dünyada, o cümlədən xristian irsinin qorunmasına yönəlmiş sosial və mədəni layihələrdə iştirak etdiyi barədə məlumat verib. Səfir həmçinin Fondun Fransada, Bolqarıstanda və Vatikanda həyata keçirdiyi layihələrdən söz açıb. Fondun Müqəddəs Taxt-Tac ilə əlaqələrindən bəhs edən N.Qurbanova bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən Müqəddəs Sebastian, Komodilya, Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpasının Fond tərəfindən həyata keçirildiyini vurğulayıb. Səfir məhz yuxarıda qeyd olunan fəaliyyətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görüldüyünü əlavə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın multikulturalizm modelindən, ölkəmizdə fərqlə mədəniyyət, dil və inanc daşıyıcılarının birgə qarşılıqlı hörmət və sevgi əsasında yaşadığından bəhs edib. O bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm dəyərlərini dövlət siyasəti müstəvisinə qaldırmış nadir ölkələrdəndir. R.Həsənov bu istiqamətdə dövlət qurumlarının yaradılmasını qeyd edərək dövlətin öz ərazisində olan mədəni və dini müxtəlifliyi qorumaqda maraqlı olduğunu əlavə edib. O, xristian dünyasının qədim kilsələrindən olan Kiş məbədinin, Qafqazın ən qədim məscidinin məhz Azərbaycanda yerləşdiyini vurğulayıb.

Belə bir sərginin məhz Polşada keçirilməsinin təsadüfi olmadını qeyd edən R.Həsənov bunu ölkələrimiz arasında yüksək əməkdaşlıq və etimad mühitinin olması ilə yanaşı, eyni zamanda polyakların Azərbaycanda neft sənayesinin inkişafında, Bakıdakı tarixi binaların arxitektura quruluşunun formalaşmasında önəmli rol oynaması, habelə Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etməsi ilə izah edib. O qeyd edib ki, ötən il rəhbərlik etdiyi Mərkəz tərəfindən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabı da nəşr edilib.

Varşava Arxiyepiskopluğunun arxiyepiskopu Mixail Yanoxa çıxışında 2022-ci il sentyabr ayında bir qrup Polşa din xadimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana səfərini xatırlayıb, ölkəmizdəki dini həmrəylik, tolerantlıq mühitindən bəhs edib.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qonaqlara ölkəmizdə Alban kilsəsinin tarixi, ölkəmizin müxtəlif bölgələrində mövcud alban məbədləri, qədim albanların varisləri olan udilər, onların maddi-mədəniyyət irsi barədə məlumat verib.

Azərbaycanın katolik icmasının nümayəndəsi Kamala Kannan Selva Kumar iştirakçılara Azərbaycanın xristian icması barədə məlumat verib, Müqəddəs Məryəm Katolik Kilsəsi barədə danışıb və bu kilsənin polyak icması, eləcə də Roma Papası II İohan Pavel ilə əlaqəsini vurğulayıb. Həmin kilsəsinin zənglərinin Polşanın o zamankı Prezidenti tərəfindən hədiyyə edildiyini bildirən katolik icmasının nümayəndəsi həmçinin II İohan Pavelin 2002-ci ildə ölkəmizə səfəri zamanı dini tolerantlıq və multikultural harmoniya ilə bağlı səsləndirdiyi fikirlərə istinad edib.

Qeyd edək ki, sərgidə xristianlığı qəbul etmiş ilk ölkələrdən olan Qafqaz Albaniyasının xristian mirası, polyak katolik mirası, Azərbaycanda mövcud katolik, protestant, pravoslav kilsələri və Heydər Əliyev Fondu tərəfindən tərəfindən Vatikanda və digər ölkələrdə bərpa edilən dini abidələrə aid fotolar nümayiş olunub. Sərgi iki həftə ərzində davam edəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana









Sosial həyat