Ölkəmizin Qazaxıstandakı səfirliyi Azərbaycanın Müstəqillik Gününün 106-ci ildönümü münasibətilə rəsmi qəbul keçirib.
Tədbirdə Qazaxıstan Prezidentinin müşaviri Bolat Akçulakov, xarici işlər nazirinin müavinləri və digər dövlət qurumlarının məsul vəzifəli şəxsləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri və beynəlxalq təşkilatların rəhbərləri, hərbi attaşelər, KİV nümayəndələri və yerli diaspor üzvlər iştirak ediblər.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndikdən sonra ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qonaqları salamlayıb, müstəqillik tariximiz haqqında məlumat verib. Səfir 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi barədə danışıb, XX əsrin əvvəllərində bu dövlətin gərgin beynəlxalq şəraitdə fəaliyyət göstərdiyini, mütərəqqi islahatlar həyata keçirdiyini və dünya birliyi tərəfindən müstəqil dövlət olaraq tanındığını diqqətə çatdırıb.
Diplomat keçən əsrin 90-cı illərin ortalarından etibarən yenidən müstəqillik qazanan Azərbaycan Respublikasında Ulu Öndər, təcrübəli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə güclü hüquqi dövlətin formalaşdırıldığını, demokratik vətəndaş cəmiyyətinin qurulduğunu qeyd edib. Bu siyasətin hazırda Azərbaycanın lideri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin mövqelərinin daha da gücləndiyini söyləyib.
Səfir 2020-ci ilin noyabr ayında və 2023-cü ilin sentyabr ayında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən hazırkı danışıqların gedişatı haqqında ətraflı məlumat verib.
Bolat Akçulakov Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın iqtisadi, siyasi, sosial və digər sahələrdə önəmli nəticələr əldə etdiyini bildirib. O, Azərbaycanın müstəqil inkişafının əsas mərhələsinin dövlətin ərazi bütövlüyünün tam bərpası olduğunu, bu gün Azərbaycanın regionda böyük enerji, nəqliyyat və logistika layihələri üçün beynəlxalq mərkəzə çevrildiyini vurğulayıb. Həmçinin Bakının iri beynəlxalq tədbirlər üçün dünya üzrə tanınmış məkana çevrildiyini, SPECA zirvə görüşünün keçirildiyini, COP-29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Prezidentin müşaviri sürətlə inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm əsaslarını qoyduğunu, iki dövlət arasında əməkdaşlığın formalaşmasına və möhkəmlənməsinə mühüm şəxsi töhfə verdiyini bildirib.
Mərasimdə Azərbaycan-Qazaxıstan dostluğu, COP-29 -a, Azərbaycanın zəngin mədəniyyəti və təbiətinə dair videoçarxlar nümayiş olunub.
Sonda Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının solisti Oleq Tatamirovun, azərbaycanlı tar ifaçısı Sadiq Namazovun və “Rita” rəqs qrupunun ifasında konsert proqramı təqdim olunub.
Sonda milli mətbəx nümunələrindən ibarət rəsmi ziyafət verilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Astana