“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailələrinin üzvləri Bakıdadır

post-img

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailələrinin üzvləri Azərbaycana səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə Azərbaycan ilə Türkiyə arasındakı sahəvi əlaqələrin sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və iki qardaş ölkənin əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.

Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir. “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırmanın və mədəniyyətlərarası mübadilənin aparılması, dəstək tədbirləri istiqamətində birgə müzakirələrin təşkili, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.

Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

28 May - Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Hərbi Qənimətlər Parkında şəhid ailələrinin üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.

Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi “YAŞAT” Fondunun belə layihələri davamlı şəkildə həyata keçirməsi nəzərdə tutulur.

Layihəyə media dəstəyi ASAN TV və ASAN radio göstərir.

Sosial həyat