Birinci Qarabağ müharibəsi şəhidləri Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu və Əmrullayev Rza Qəzənfər oğlunun cəsədlərinin qalıqları Şabrandakı Şəhidlər xiyabanında dəfn olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülər ölümlərindən 30 il sonra doğma yurdlarında torpağa tapşırılır.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Şabran Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak edirlər.
Şəhid Mirzəyev Rahib Ağaseyid oğlu 2 sentyabr 1971-ci ildə Şabran şəhərində anadan olub. 1989-1991-ci illərdə sovet ordusunda hərbi xidmət keçib. Birinci Qarabağ müharibəsinə könüllü yollanıb. 1992-ci il sentyabr ayının 4-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. 11 fevral 1994-cü ildən itkin düşdüyü barədə məlumat verilib. Ailəsi 30 il ərzində Rahibdən xəbər ala bilməyib.
Şəhid Şaxayev Cəlil İsa oğlu 30 dekabr 1973-cü ildə Şabran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. 1994-cü ildə hərbi xidmətə yollanıb və Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 11 fevral 1994-cü ildə Murovdağın ətəyində gedən döyüşlərdən sonra itkin düşüb.
Şəhid Əmrullayev Rza Qəzənfər oğlu 4 mart 1961-ci ildə Şabran rayonunun Ləcədi kəndində dünyaya göz açıb. Hərbi xidmətini 1980-1982-ci illərdə Əfqanıstanda keçib. 1994-cü ildə könüllü Qarabağ müharibəsinə yollanıb. Elə həmin il Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb.
Aparılan araşdırmalardan sonra hər üç döyüşçünün Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.