Ehtiyatda olan sərhədçi polkovnikin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

post-img

Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında və Akademiyasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan veteran sərhədçi polkovnik Qədirov Nizami Düni oğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yubiley tədbirində DSX rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Tədbirdə hələ Ulu Öndər Heydər Əliyev tərəfindən DSX-nın yarandığı vaxtlarda milli sərhəd mühafizəsinin qurulmasında və formalaşmasında polkovnik N.Qədirovun uzunmüddətli xidmətlərindən danışılıb. Ona həvalə edilmiş bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyi, peşəkar zabit kimi dövlət sərhədlərinin mühafizəsinə töhfəsini verdiyi xüsusi vurğulanıb.

DSX-nın rəisi general-polkovnik Elçin Quliyev yubilyara “Sərhəddə fərqlənməyə görə” medalını və vəsiqəsini təqdim edib, ömrünü Vətən sərhədlərinin qorunmasına həsr etmiş polkovnik N.Qədirova Vətən qarşısında əvəzsiz xidmətləri üçün səmimi təşəkkürünü bildirib.

Hazırda DSX Akademiyasında pedaqoq kimi gənc sərhədçi zabitlərin yetişdirilməsində bilik və bacarıqlarını əsirgəməyən polkovnik N.Qədirov ona göstərilən xüsusi diqqətə görə təşəkkür edərək sərhədləri bütöv, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin mənsubu olmaqdan qürur duyduğunu ifadə edib.







Sosial həyat