Böyük alimin xatirəsi minnətdarlıqla yad edilib

post-img

Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yeniliklər və aktual məsələləri diqqətə çatdırmaqdır. Qeyd edək ki, akademikin doğum gününə həsr edilən bu konfranslar mütəmadi xarakter daşıyır. 

Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edərək, akademikin Azərbaycan səhiyyəsinin oftalmologiya sahəsindəki uğurlarından söz açıb. Onun müxtəlif göz xəstəliklərinin müalicəsindəki təklif və təcrübəsi nəticəsində əldə edilən müsbət keyfiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər. Qeyd edilib ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın  oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox fundamental tədqiqatların müəllifidir.  “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri olub. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.     

Konfrans moderator həkimlər Ceyhun Nəzərli, Emin Əlihüseynli, tibb elmləri doktoru Tural Qəlbinur, tibb üzrə fəlsəfə doktorları Qurban Ismayilov, Сəmil Həsənov, Rafadar Xəliliov və Lalə Axundova tərəfindən həyata keçirilib. 

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularda çıxışlar dinlənilib. Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər müəssisələrdən və mərkəzdən həkim heyəti  iştirak edərək, öz təqdimatları ilə məruzə ediblər.

 Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki,  bu konfrans keçirilməzdən əvvəl, aprelin 26-da Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputaları Rasim Musabəyov, Sədaqət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, “Yeni Klinika” tibb müəssisəsinin direktoru Barat Yusubov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva “Zərifə Əliyeva və onun zəngin irsi” mövzusunda çıxışında Zərifə xanım Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, "peşə oftalmologiyası"nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən geniş bəhs edib. Bildirib ki, akademik Zərifə Əliyevanın irsinə sadiq olaraq Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımovun rəhbərliyi ilə  Milli Oftalmologiya Mərkəzi yüksək inkişaf dövrünü yaşayır. Mərkəzdə olan peşəkar həkim heyətinin səyləri nəticəsində Azərbaycan oftalmologiyası inkişaf edir, yüksəlir. 

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir. Mərkəz tərəfindən gənc oftalmoloqların inkişafı və peşə bacarıqlarının təkmilləşməsi üçün isə WET-LAB kursları təşkil edilir. 

Qeyd edilib ki, eyni zamanda, mərkəzin bir neçə regional filialı açılmışdır. Filiallarda bütün göz xəstəliklərinin konservativ və cərrahi müalicəsi xaricdə təhsil almış, yüksək ixtiaslı tərəfindən həyata keçirilməkdədir. Respublika üzrə regionların əhalisinə müayinə və müalicə məqsədilə yardım göstərilməsi üçün avtomobil və dəmiryolu səyyar klinikası təşkil olunmuşdur və səyyar klinika tərəfindən mütamadi tibbi aksiyalar həyata keçirirlir.

Bundan başqa, Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbində də görkəmli oftalmoloq alimin xatirəsinə həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.

Tədbirdən öncə Milli Oftalmologiya Mərkəzinin Baş həkimi Aygün Məmmədbəyli, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva və digər həmkarlar Akademik Zərifə Əliyevanın abidəsinə gül qoyaraq yad ediblər. Bununla yanaşı Yazgül xanım Abdıyeva Zərifə xanım Əliyevanın fəaliyyəti haqqında məruzə edib.

Həmçinin Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə görkəmli oftalmoloq-alimin anadan olmasının 101 illiyinə həsr olunmuş “101 ağac əkək” aksiyası çərçivəsində ağac əkmə tədbiri keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. 

Aksiya zamanı ümumilikdə 101 ədəd ağac əkilib.

Zərifə HÜSEYNOVA

XQ

 







Sosial həyat