Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

post-img

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları 24-26 aprel 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən və Mərkəzi Asiyanın aparıcı turizm sərgisi olan “KITF” turizm və səyahət sərgisində milli stendlə təqdim olunur.

92 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm agentlikləri daxil olmaqla, ümumilikdə 9 sənaye tərəfdaşı təmsil edir. Sərgidə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B (Biznesdən biznesə) görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, milli mətbəxi, adət-ənənələri, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar.

Milli stendin ziyarətçilərinə Qafqaz dağlarının mənzərəli gəzinti marşrutları, ekoturlar, isti termal bulaqlara səfərlər, Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlara turlar daxil olmaqla, yerli turizm təcrübələri təqdim olunur.

Sərginin açılış günü ölkələrarası turizmin inkişafına həsr olunmuş panel sessiyasında Azərbaycan Turizm Bürosu milli nümayəndəlik qismində çıxış edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart dövründə Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 16 522 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 135% artımdır.
 





Sosial həyat