Azərbaycanın sosial islahatlar təcrübəsi Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib
Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif edilib.
Təşkilatın Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatlar Forumda ölkəmizi təmsil edən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinə təqdim olunub.
Ən yaxşı təcrübə üzrə 12 mükafatdan 4-ü DOST Agentliyinə, 4-ü Dövlət Sosial Müdafiə Fonduna (DSMF), daha 4-ü isə sosial sahədə uğurlu elektronlaşdırma tədbirlərinə görə təqdim edilib.
Qeyd edək ki, son 3 ildə və bu ilin ötən dövründə nazirlik və qurumları 75-dən çox mükafat və sertifikat (o cümlədən 56 mükafat, 20 İSO sertifikatı) ilə təltif olunub.
Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə aparılan sosial islahatlar və nailiyyətləri barədə məlumat verilib.