Zəmanəsinin görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əziz qızı Əliyeva ibrətamiz həyatı, işıqlı amalları ilə daim milli-mənəvi xarakteristikamızı şərəfləndirib. Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, fəal ictimai xadim kimi ürəklərdə yaşayan Zərifə xanımın doğum və anım günləri hər zaman böyük ehtiramla qeyd edilir.
Hər dəfə paytaxtımızda Zərifə Əliyevanın adını daşıyan istirahət parkında olarkən böyük məhəbbətlə ucaldılmış abidəsinin qarşısında durub ölməz xatirəsinə baş əyirik. Ümummilli liderin abidə ilə kövrək, səssiz həsb-halını əks etdirən həzin musiqili videokadrları yada salırıq.
Onu da xatırlayıram ki, yaşadığım Sumqayıt şəhərinin veteran sənayeçiləri ilə söhbətlərimiz zamanı onlar böyük minnətdarlıq duyğuları ilə Zərifə xanımın tez-tez buradakı Peşə Xəstəlikləri İnstitutuna gəldiyini, o zamanlar ekoloji problemləri əskik olmayan kimya müəssisələrinin fəhlələrini müayinədən keçirdiyini, hər birinin sağlam olması üçün necə yorulmaz səylər göstərdiyini, habelə sexlərdə laboratoriya şəraitində elmi təcrübələr apardığını yada salırdılar. Beləcə, həkim peşəsini vicdanla yerinə yetirmiş, xəstəliklərin qarşısının alınmasında fədakar səylər göstərmiş, daim böyük həvəslə öz həmvətənlərinin qayğısına qalmış humanist insanın işıqlı obrazı gözlər önündə canlanır.
Yüksək əqidə paklığının mücəssəməsi olan Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Ailə mühiti onu böyük şəxsiyyət kimi formalaşdırıb. Atası – Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyev ixtisasca həkim idi. Çalışdığı bütün vəzifələrdə daim xalqımıza, dövlətimizə ləyaqətlə xidmət göstərib və həyat yoldaşı Leyla xanımla birgə ailə ocağında yüksək insani keyfiyyətlərə malik övladlar böyüdərək tərbiyə edib. Zərifə xanım da məhz atasının sayəsində tibb sahəsinə könül verib. Onun yeniyetməlik və gənclik çağları İkinci Dünya müharibəsinə təsadüf edib. Oxuduğu orta məktəbdə dərsləri bitəndən sonra hər gün şagird rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışırdı.
Elə o vaxtdan qayğıya, diqqətə ehtiyacı olanlara pasibanlıq etmək Zərifə xanımın həyat amalına çevrilib. 1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Özünün dərin zəkası, dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin rəğbətini qazanıb. İnstitutda təşkil olunan tələbə elmi toplantılarında parlaq məruzələrlə çıxışlar edib.
Traxoma xəstəliyi ötən əsrin ortalarında dünyada geniş yayılmışdı. Elmin oftalmologiya sahəsi isə o qədər də inkişaf etməmişdi, ixtisaslı kadrlar çatışmırdı. Buna görə də Zərifə xanım görmə orqanlarını sıradan çıxaran bu xəstəliyə qarşı bir oftalmoloq-həkim kimi mübarizə aparmağı qərara alıb. İnsanların həyatda ən böyük nemət olan işığa həsrət qalması ilə barışmaq istəməyib və ömrü boyu onların xilası naminə əlindən gələni edib.
Zərifə xanım Əliyevanın üstünlüyü yüksək biliyi, təcrübəsi, necə deyərlər, əlinin yüngül olması idi. Bu keyfiyyətləri onun çox müsbət insani cəhətləri ilə daha da dolğunlaşaraq, böyük azərbaycanlı qadın alimin ideal obrazını yaradıb. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəlikləri, o cümlədən, gözün peşə xəstəlikləri üzrə fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq sahəsində Zərifə xanımın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm önəm daşıyır.
Azərbaycan Tibb İnstitutunda təhsilini başa vuran gənc həkim sonra 2 il Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçib. Vətənə qayıdınca Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə paralel olaraq, elmi axtarışlar aparıb. Bu sahədə çalışmalarının ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr edib. Eyni zamanda, gənc mütəxəssis digər göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olub. Konkret müalicə təcrübəsindən əlavə, tez-tez rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında geniş maarifləndirmə işləri aparıb. Bütün bunlara ciddi tələbat olduğuna görə Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirib. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını yüksək səviyyədə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. Böyük alimlər bu gün də etiraf edirlər ki, Zərifə xanım traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən “Sintomisin”dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdur.
Ötən əsrin 60-cı illərində Zərifə xanım bir müddət Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparıb, elmi tədqiqatları üzərində çalışıb. O, məxsusi olaraq qlaukomanın öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə etməyə nail olub. Sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti olub. Eyni zamanda, o vaxta qədər çox az tədqiq olunmuş bir mövzunu – görmə patologiyası məsələlərini araşdırıb. Neft-kimya zavodlarında, yod-sənaye müəssisələrində çalışan şəxslərin görmə orqanına təsir edən amillərə xüsusi diqqət yetirib.
Bu illərdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyətini də unutmur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. İllərcə diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirirdi.
Dərin zəkalı alim çoxillik elmi araşdırmalarının nəticəsi olaraq, kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini və təsnifatını ümumiləşdirən, ciddi elmi nəticələr doğuran “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasını 1976-cıildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edib. O, tədqiqatı zamanı şin və yod istehsalı sahəsində çalışan yüzlərlə insan üzərində müşahidələr aparıb, sanitar-gigiyenik durumun görmə orqanına mənfi təsirini elmi dəlillərlə sübuta yetirib. Dissertasiya işi bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi çox yüksək dəyərləndirilib.
Zərifə Əliyevanın pedaqoji fəaliyyəti də geniş olub. 1967-ci ildən atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb, professor, daha sonra kafedra müdiri vəzifəsinə qədər yüksəlib. 1977-ci ildə onun təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Bakıda plenumu keçirilib. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyənib və 2 il sonra Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda həmin laboratoriya təşkil edilib.
“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və digər əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir. Alim “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycanda elmin lakrimologiya sahəsinin banisinə çevrilib. Gərkəmli alimin “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” adlanan çox sanballı monoqrafiyalarını da qeyd etmək lazımdır. Zərifə xanım bu gün də həkimlərin əl-əl gəzdirdiyi “Terapevtik oftalmologiya” əsərinin, eləcə də “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasının müəlliflərindən biridir.
Zəhməti, zəkası daim bəhrə verən Zərifə xanım Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik Mixail Averbax adına Mükafatına layiq görülüb. O, Sovet İttifaqında belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. Görkəmli alim həmçinin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bir sıra ictimai vəzifələrin də öhdəsindən bacarıqla gəlib.
Bütün elmi-pedaqoji və tibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş ana, mehriban ömür-gün yoldaşı kimi də qürurla anılır. Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirib. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm uğurlarına görə özünü ilk növbədə atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.
Günəşli bir aprel günündə dünyaya gəlmiş Zərifə xanım Əliyeva elə günəşli bir aprel günündə də dünyadan köç edib. Bəlkə də buna görədir ki, hər dəfə onu xatırlayanda üzümüzə Günəş təbəssümü qonur.
Əli NƏCƏFXANLI
XQ