Qəhrəman kəşfiyyatçılar anıldı - Hadrutdan reportaj

post-img

1997-ci il aprelin 7-də ordumuzun iki kəşfiyyat qrupu xüsusi tapşırıqla işğal altında olan torpaqlarımıza göndərilir. Qruplar tapşırığı yerinə yetirirlər. Birinci qrup sağ-salamat geri qayıdır. Lakin ikinci qrupu düşmən aşkarlaya bilir. Kəşfiyyat qrupu işğalçı Ermənistan ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında mühasirəyə alınır. Onlardan təslim olmağı tələb edir. Tələb kəşfiyyatçılarmız tərəfindən rədd edildikdən sonra ağır döyüş başlanır.

Qeyri-bərabər döyüşdə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Ancaq aprelin 10-da sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün qumbara ilə özlərini partladırlar. Səkkiz nəfərdən ibarət olan qrupun yeddi üzvü — komandir Elxan Ağayev, Vüqar Yarəhmədov, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Anar Rzayev və Fariz Cavadov şəhid olur. Bir nəfər — Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

Ermənistan hərbi-siyasi rəhbərliyi şəhidlərimizlə və əsir götürülmüş hərbçimizlə öz xislətinə uyğun olaraq davranır. Şəhidlərin nəşini verməkdən boyun qaçırır. Onları yalnız 1997-ci il oktyabrın 14-də geri almaq mümkün olur. Ìki gün sonra — oktyabrın 16-da igid kəşfiyyatçılar Ìkinci Fəxri xiyabanda təntənəli mərasimlə torpağa tapşırılırlar.

Əsir götürülmüş hərbçimiz üzərində isə qondarma məhkəmə prosesi başladılır. "Məhkəmə" 1998-ci ilin fevralında A.Əhmədovu saxta ittihamlarla ən ağır cəzaya — güllələnməyə məhkum edir. 

Döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir. Azərbaycan Respublikasının  "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunurlar. Həmçinin ulu öndər Heydər Əliyevin göstərdiyi böyük səylər nəticəsində, uzun sürən danışıqlardan sonra A.Əhmədov 1999-cu ilin martında əsirlikdən xilas olunaraq ölkəmizə gətirilir.

44 günlük Vətən müharibəsinin ilk çağlarında azad edilən yaşayış məntəqələrindən biri də Hadrut qəsəbəsi oldu. Hadrut 2020- çi il oktyabrın 9-da düşmən tapdağı altından qurtuldu. Qəsəbənin strateji əhəmiyyəti sonrakı qələbələrimizdə mühüm rol oynadı. Yeri gəlmişkən, Ermənistanın təbliğat maşınının Hadrutun itirilməsi ilə bağlı bir neçə gün dezinformasiya yayması yəqin ki, hər kəsin yaxşı yadındadır.

Hadrut işğaldan  azad edildikdən sonra qəhrəman kəşfiyyatçıların şəhid olduqları yerin yaxınlığında onların xatirəsinə bulaq inşa olunub. Burada onların fotolarının vurulduğu xatirə lövhəsi yaradılıb. Xatirə lövhəsi fotoların önünə isə gül dəstələri düzülüb. 2021-ci ildən etibarən hər ilin aprelində — kəşfiyyatçıların düşmənlə ölüm-dirim savaşı apardığı günlərdə burada anım mərasimi keçirilir.

Hər il olduğu kimi bu il də Hadrutda anım mərasimi keçirildi. "XQ"-nin əməkdaşı xəbər ki, mərasimdə şəhid anaları və yaxınları, şəhid kəşfiyyatçıların komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, Füzuli rayon məktəbliləri iştirak edirdilər. Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xətai Baxışov çıxış etdi. O, şəhid kəşfiyyatçıların igidliyindən danışdı. Onların nəşinin geri alınmasında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğuladı.

Şəhid ailələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasını, işğaldakı Vətən torpaqlarının azad edilməsini, bütün şəhidlərin qisasının alınmasını ən böyük təskinlik kimi qiymətləndiriblər. Onlar vaxtilə övladlarının, doğmalarının qan tökdüyü, şərəfli döyüş yolu keçdiyi azad edilmiş torpaqlarda bu gün qürurla gəzir, bunu ən böyük xoşbəxtlik hesab edirlər.

Sonra mərasimdə məktəblilərin hərbi-vətənpərvərlik ruhunda çıxışları oldu. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.

Səxavət Həmid,
XQ
Hadrut















Sosial həyat