Rauf Zeyni: QHT-lərin Qərbi Azərbaycanla bağlı gördükləri tədbirlər beynəlxalq ictimaiyyəti maarifləndirmək xarakteri daşıyır

post-img

2022-ci ilin avqustunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin ləğv olunması və Qərbi Azərbaycan İcmasının yaradılması ilə tarixi torpaqlara qayıdışla bağlı konsepsiyasının qəbul edilməsi çox mühüm addımlardan biridir. İki ildir Qərbi Azərbaycan İcması bu konsepsiyanın həyata keçirilməsi istiqamətində vacib tədbirlər reallaşdırır. 2024-cü in dekabrın 22-də Prezident İlham Əliyevin İcmada bir qrup ziyalı ilə görüşü zamanı təşkilatın qarşısında konkret vəzifələr qoyaraq Azərbaycan siyasətinin yeni xəttini elan etdi. Qərbi Azərbaycan məsələsi həm daxili, həm də xarici siyasətimizdə artıq əsas hədəflərdən, prioritet məsələlərdən birinə çevrilib. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıdışının qəbul edilməsi istiqamətində həm milli, həm də beynəlxalq səviyyədə müvafiq dövlətlərin əlaqədar qurumları ilə genişhəcmli işlərin görüldüyünün şahidiyik. Son 20-30 il ərzində QHT-lər həm Qərbi Azərbaycan məsələsi, həm də Qarabağın işğal altında olduğu müddətdə hər iki ərazidə olan tarixi abidələrimizin, milli-mənəvi dəyərlərimizin məhv edilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıblar. Ancaq bizim müraciətlərimizin heç birinə reaksiya verilməmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib.

Son iki il ərzində Qərbi Azərbaycan İcmasının verdiyi bir sıra bəyanatların BMT-nin işçi sənədi kimi təşkilatın bütün resurslarında yayıldığını bildirən R.Zeyni deyib: “Belə ki, ilk dəfə olaraq Qərbi Azərbaycan məsələsi BMT-nin dörd rəsmi sənədi kimi yayılıb. Bu, Qərbi Azərbaycan həqiqətlərinin, yəni, son iki yüz ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı törədilmiş cinayətlərin beynəlxalq müstəvidə qəbul və etiraf olunması, həmçinin erməni cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasıdır. Eyni zamanda, bir sənəd AŞPA-nın rəsmi sənədi kimi qəbul olunub. Bu, Azərbaycan diplomatiyasının, xarici siyasətinin çox böyük uğurudur. Bundan əlavə, UNESCO və digər beynəlxalq təşkilatlara edilən müraciətlərə də reaksiyalar verilir”.

Qərbi Azərbaycan İcmasının fəaliyyətindən Ermənistan əhalisinin, Erməni Milli Assambleyasının və erməni diasporunun çox narahat olduğunu vurğulayan Milli QHT Forumunun prezidenti qeyd edib: “Ermənilər başa düşürlər ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti göstəriş və güc nümayişinə hesablanmayıb. Reallıq ondan ibarətdir ki, həqiqətən də Qərbi Azərbaycan əhalisi öz tarixi dədə-baba yurdlarına qayıtmaq niyyətindədir. Bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir sıra layihələr elan edib. Eyni zamanda, Azərbaycandan kənarda bir sıra milli və beynəlxalq layihələr də icra olunub. Bu da QHT-lərin Qərbi Azərbaycana qayıdışla bağlı verdiyi töhfələrdir”.

QHT-lərin həyata keçirdiyi tədbirlərdən də söz açan R. Zeyni bildirib ki, bunlar əsasən həm yerli, həm də dünya ictimaiyyətini maarifləndirmək xarakteri daşıyır. “Bizim məqsədimiz ondan ibarətdir ki, Qərbi Azərbaycandakı yurd-yuvalarından qovulmuş soydaşlarımız təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtsınlar. Bu qayıdış prosesi beynəlxalq səviyyədə təmin olunmalı, əlaqədar qurumlar da prosesə şərait yaratmalıdırlar. Hesab edirəm ki, ilk növbədə, Ermənistan hakimiyyətində təmsil olunanlar bunda maraqlı olmalıdırlar. Ermənistan rəhbərliyi beynəlxalq qanunlar çərçivəsində köçün təhlükəsiz və ləyaqətli formada təmin olunmasına şərait yaratsa, üzərinə götürdüyü beynəlxalq öhdəliklərin bir hissəsini yerinə yetirmiş olar. Biz Qərbi Azərbaycan İcmasının üzvləri olaraq inanırıq ki, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı milli, bəşəri və mütərəqqi siyasətin nəticəsini yaxın gələcəkdə görəcəyik. İnanırıq ki, perspektivdə bir çox böyük tarixi hadisələrə imza atılmasının və xəyallarımızın gerçəkliyə çevrildiyinin şahidi olacağıq”.

Sosial həyat