Dost başa baxar...

post-img

Papaq isə sahibinin kimliyindən xəbər verir

Bakının Balaxanı qəsəbəsində təcrübəli papaqçı Saleh İbrahimov nə az, nə çox, düz 60 il əvvəl əlinə qayçı, iynə-sap götürüb. Ona bu işdə ilk xeyir-duanı böyük qardaşı Əsgər verib. Elə sənəti də ondan öyrənib.

“Rəhmətlik qardaşım çox gözəl sənətkar idi, hər cür müştərini razı salmağı bacarırdı. Ondan bir dəfə də narazı gedən müştəri görməmişdim. Elə bu sənətdə səbr, hövsələ, həssaslıqdan başqa bir də sifarişçilərlə dil tapmağı bacarmaq da mühüm məsələdir”, – deyə Saleh söhbət açır.

Baş geyimi ustası buxardan çıxardığı pa­pağın kənarlarını əlindəki çəkiclə döyəcləyərək deyir: “Sifarişdən asılı olaraq hər cür papaq tik­mişəm: milli papaq, hacı papağı, yarma papaq, Buxara papağı, süleymani papaq, çərkəzi pa­paq. Hacı papağını iki cür tikirik: birinin kənarla­rında xətt olur, o birində yox. Xətlə olan papağı əsasən yaşlılar, ağsaqqallar, xətsiz olanı cavan­lar qoyur. Hacı papağını əsasən ruhanilər, mö­min adamlar xoşlayır. Tülkü və dovşan dərisin­dən rus papağı tikilir, kənarları tüklü olur, ortası dərinin tərs üzündən hazırlanır. Biz onu tikmirik, heç indi onu başına qoyan da yoxdur. Gürcü pa­pağının arxası hündür, qabağı yastı olur. Ayrı-ay­rı məşhur adamların adı ilə tanınan papaqlar var. Məsələn, stalinka, de qoll papağı. Yaxud mos­kvalıların qoyduğu papaq “moskviçka” adlanır. İndi təkdənbir Buxara papağı da qoyanlara rast gəlirik. Onu ancaq saz aşıqları və rəqqaslar qo­yur. Həmin papaqların hündürlüyü 15-16, bəzən 18 santimetr olur ”.

Onun dediyinə görə, qədimi Buxara papaq ki­şiyə sanki əzəmət və yaraşıq bəxş edir. Təəssüf ki, indi onu sifariş verənlər çox azdır. Son illər əsasən yun və pambıq parçadan Bakı papağı deyilən baş geyimi daha çox yayılıb. Xüsusilə “xuliqanka” adlanan papaqlar indi dəb düşüb. Onun da ortasının səkkizguşəli tikilməsini sifariş verirlər.

Papaqçı geyim vasitəsinin hazırlanma prose­si barədə danışarkən deyir: “Əvvəlcə ölçü götü­rülür, qaba kətan kəsilir, parça biçilib tikilir, qə­libə qoyulur, buxara veriləndən sonra artıq onu geyinmək olar. Diametri böyük olan papaqlar var ki, - el arasında onu “aerodrom” adlandırırlar - 3 saata hazırlamaq olur. Amma deyək ki, qədimi papaqların hazırlanması üçün üç-dörd gün vaxt lazım olur, çünki o əl işidir, tikilib hazırlanması üçün daha çox zəhmət çəkilir. Bu heç də kənar­dan göründüyü kimi, rahat və asan iş deyil. Pa­paq tikmək geniş səbr, həssaslıq və diqqət tələb edən işdir”.

Onun işlədiyi sex əvvəllər paytaxtın Sabun­çu qəsəbəsində fəaliyyət göstərib. Üç il əvvəl “Bakı Abadlıq Xidməti" MMC tərəfindən Balaxanı qəsəbəsində aparılan yenidənqurma işlərindən sonra sex indi yeni ünvana köçüb.

Dərzi papağı necə qorumaq barədə də öz tövsiyəsini verdi: “Çit torbanın içinə naftalin, yov­şan və ya tütün atıb papağı onun içinə qoymaq, sonra ağzını möhkəm bağlayıb asmaq lazımdır. Onda papaq korlanmaz və xarab olmaz. Geyil­məyən, istifadə edilməyən papağı mütləq asmaq lazımdır. Dəri papaq qara-yağışa düşəndə onu qətiyyən sobanın yanına qoyub qurutmaq olmaz. Yaxşı olar ki, bir-iki dəfə onun suyunu çırpıb qu­rumağını gözləyəsən”.

“İndi cavanlar bu sənətə gəlmir, onu öyrən­mək istəmirlər. İndiyədək bir neçə nəfərə bu sənəti öyrətmişəm, ancaq heç biri qalıb işləmir, başqa peşənin dalınca gedirlər”, - deyə Saleh İb­rahimov təəssüflənir. 

Təcrübəli papaqçının peşəsinin sirlərini öy­rətdiklərindən biri də oğlu 29 yaşlı Rəhimdir. Onun haqqında isə belə dedi: “Maşallah olsun, Rəhim ata-baba sənətini çox yaxşı öyrənib, yax­şı da sənətkardır. Peşəyə də həvəsi var”.

Deməli, papaq da var, papaq altda oğlanlar da...

Süleyman QARADAĞLI



Sosial həyat